Mənsimov ona qarşı olan iddialara cavab verdi:

“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov onun haqqında yayılan iddialara cavab verib.

Metbuat.az xəbər verir ki, iş adamı bildirib ki, İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru onunla bağlı bəzi media orqanlarında açıqlmalar verib. Qeyd edilib ki, Mənsimov guya onun rəhbərlik etdiyi məktəbi bağlatdırmaq istəyir:

"Əslində, bu cür əsilsiz və şər-böhtan xarakterli iddialara cavab vermək fikrim yox idi. Lakin azərbaycanlı balaların təhsil məsələsi gündəmdə olduğuna və təhsil məsələsi mənimçün son dərəcə həssas məsələ olduğuna görə bu barədə qısa fikir bildirmək qərarına gəldim. Mən və rəhbərlik etdiyim “Palmali Holding” şirkəti həmişə imkanlarımız daxilində azərbaycanlı tələbələrin təhsil almasına dəstək vermişik. Bu, mənim ən başlıca həyat prinsiplərimdəndir və heç bir təmənnasız gördüyüm işlərdəndir. Çünki elmli və savadlı gənclik Azərbaycanın gələcəyidir. Və bu yöndə təmənnasız fəaliyyətimizi nə qədər ömrümüz var, davam etdirəcəyik. Sözügedən məktəbə gəlincə, Milli qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan məktəbdən dəstəklə bağlı müraciət oldu. Öyrəndim ki, məktəb artıq 5 ildir fəaliyyət göstərir. Biz isə ötən ildən, yəni bir ildir ki, həmin məktəbə maliyyə yardımı göstəririk. Türkiyədə yaşayan aztəminatlı azərbaycanlıların övladlarının ödənişsiz təhsil almaları üçün bu prosesdə iştirak edirik. Məktəbin bütün ehtiyaclarını qarşılayırıq. Hüseyn Cavid adına məktəbin kollektivi də istəsə, müraciət etsə, eyni şəkildə dəstək verməyə hazırıq. Çünki ortada bizim balalar, onların qardaş ölkədə təhsilli və savadlı böyüməsi kimi həyati vacib bir məsələ var. Və mən bir azərbaycanlı olaraq, Türkiyə məktəblərində təhsil almaq üçün ən müxtəlif səbəblərdən sənədləri qaydada olmayan o körpələrin məktəbdən kənarda qalmasına seyrçi qala bilmərəm. Bunu hər kəs bilsin ki, mən və “Palmali” şirkəti bütün tirajlanan dedi-qodulardan və şər-böhtandan uzağıq və o böhtanları yayanları Azərbaycanın gələcəyi olan uşaqlar və məktəb üzərindən düşmənçilik etməməyə dəvət edirəm. Çünki bu ləyaqətsiz oyundan əziyyət çəkən məhz o uşaqlardır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR