"Çoxlu gənc müxtəlif zərərli dini təsirlərin qurbanına çevrilib" -

"Son illər Azərbaycanda yeni ailə modelləri yaranıb. Ailənin hər bir üzvü ayrı din və ya məzhəbin təəssübkeşinə çevrilib".

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

"Proseslərin təhlili göstərir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çoxlu sayda gənc müxtəlif zərərli dini təsirlərin qurbanına çevrilib. Həmin kontingentin mütləq əksəriyyətini təhsili o qədər yüksək olmayan, dünyagörüşü zəif və məhdud, işsiz gənclər təşkil edir. Burada söhbət yalnız bir dindən və ya məzhəbdən getmir. Hətta son illər ölkəmizdə xristianlığı qəbul edən gənclərin də sayı artır. Beləliklə son illər Azərbaycanda yeni ailə modelləri yaranıb. Ailənin hər bir üzvü ayrı din və ya məzhəbin təəssübkeşinə çevrilib. Belə halda isə ailənin monolitliyindən və möhkəmliyindən söhbət gedə bilməz. Bu rəngarəngliyin də gələcəkdə dövlətimiz üçün müəyyən təhdidlər yaradacağı istisna olunmur. Necə ki, bunun bu gün konkret bir istiqamət üzrə ciddi fəsadlarını yaşayırıq. Hər zaman qeyd etdiyimiz kimi, din həm də təhlükəsizlik məsələsidir. Çox həssas və incə siyasət tələb edir. Proseslər proqnozlaşdırılmalı, öncədən privintiv tədbirlər həyata keçirilməlidir. Qərarlar zamanında qəbul edilmədikdə, öncədən qabaqlayıcı tədbirlər görülmədikdə sonradan prosesləri idarə etmək çox çətin olur".

Onun sözlərinə görə, gəncləri zərərli dini təsirlərdən qoruya bilmək üçün təhsil səviyyəsi yüksəldilməlidir:

"Bu gün gənclərin böyük əksəriyyəti ciddi ideoloji boşluq yaşayırlar. Bu istiqamətdə ciddi və sistemli işlərin həyata keçirilməsinə ehtiyac var. Bunun üçün paytaxtda və bölgələrdə təhsilin səviyyəsi, məktəblərdə və ali təhsil müəssisələrində ideoloji iş gücləndirilməlidir. Bu sahədə əksər məktəblərimizdə və ali təhsil müəssisələrimizdə ciddi boşluqlar var. Ailələrimiz bir sıra hallarda bu boşluqları doldura bilmədiklərinə görə bu məsələdə məsuliyyət daha çox təhsil müəssisələrimizin üzərinə düşür. Heç şübhəsiz ki, təhsil müəssisəsinin işi yalnız təhsil haqqı alıb diplom vermək deyil. Mütləq gənclərin şəxsiyyət kimi formalaşmasına, ideoloji hazırlığına xüsusi diqqət yetirilməlidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR