Qənirə Ataşovanın oğlu Amerikanın 8 universitetindən qəbul aldı -

"Biz bu şəkillə 6 il əvvəl yola çıxmışdıq. İşim əlimdən alınmış, sevərək çalışdığım ANS bağlanmışdı. Özüm də şərə məruz qalmışdım. İş almaq şansım yox idi. Ya yaltaq olacaqdım, ya yeniləcəkdim. Heç biri mən deyildim”.

Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri keçmiş ANS TV-nin aparıcısı Qənirə Ataşova sosial media hesabında yazıb.

O, oğulları ilə çəkdirdiyi fotonu paylaşaraq yaşadıqlarını dilə gətirib:

"Ölkədən çıxışım qadağan olunmuşdu. Çıxdım. Çıxarkən bu şəkili çəkdirdik, düz sərhədin qapısında…

Cibimdə cəmi 3 min dollarım var idi. Uşaqlara yataq mebeli almaq üçün toplamışdım. Heç bir zaman maddi zəngin olmamışam. Amma Allahın verdiyi sağlam düşüncə ilə özümü zəngin hiss edirdim. İnandığım həqiqət də var idi… Bilik və zəhmət. Parlaq zəkası olan uşaqlarımın fərqində idim. Onların zəkasını qohumluq əlaqələrinin hakim olduğu cəmiyyətə həvalə edə bilməzdim. Bu yolla gəlib Arlinqtondakı bir otaqlı mənzildə kirayə qaldıq. Bir aylıq kirayəmiz 1300 dollar idi. Yemək və növbəti ayı düşünməli idim. Biz belə başladıq "American dream”ə.

Bilirsiniz özümlə cehizlik köhnə qazanımı da Amerikaya gətirmişdim. Amerikada ev əşyaları hardan alınır onu belə bilmirdim. Eh, o qazanı aeroportun yanındakı köhnə Sədərəkdən özüm almışdım. Anam ağır xəstə olduğu üçün bu işləri özüm görməli olmuşdum. Oradan dönüşdə məni güclü baş ağrısı tutmuşdu. Kirayə qaldığımız evə çatanda ağrı məni daha pis bir hala saldı. Bir də gördüm ağır xəstəlikdən gücünü itirmiş anam yataqdan qalxdı. Mənim beyin kötüyümü möhkəm ovuşdurdu… O əli heç unutmaram.

Hə… Qazan bizimlə Amerikaya gəldi. Mən onda bulğur bişirməyi öyrəndim. Bulğur barədə ilk dəfə türk tarixindən oxumuşdum. "Diriliş Ertuğrul” serialında ən çox yeyilən yemək idi… Nə isə… Babalarımızın yaşıl torpaqlar axtarışı üçün çıxdığı yolda özlərinə seçdikləri bu qidanı kiçik ailəmizin əsas qidası etdim. Onu sevərək bişirdim. Sən demə, mən bişirdikcə böyük oğlum Fərhadda bir düşüncə yaratmışam. Onun Amerika universitetləri üçün yazdığı "essay” mənim cehizlik o qazanım və bulğur barədə olub. Bundan yeni xəbər tutmuşam…

Onun yazısını paylaşacağam. Əminəm, Amerikanın top universitetlərinin diqqətini çəkən yazı bir çox yetişməkdə olan gəncə stimul olacaq. "NYU”, "Duke”, "Georgetown”, "VCU”, "Buffalo”, "GeorgeTech” daxil olmaqla 8 universitetdən qəbul almışıq. Hələ yolda olanlar da var. Bu, son deyil, hələ başlanğıcdır. 11 illik təhsil yolu onu gözləyir. Seçimi tibbdir. Ümid edirəm insanlığa Fərhad adlı, azərbaycan əsilli neyrocərrah xidmət edər”.

Qeyd edək ki, Ataşovanın Ceyhun adlı bir oğlu da var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR