​“Ermənistan terror dövləti olduğunu bir daha sübut etdi” -

“Ermənistan hər zaman olduğu kimi, terrorçu dövlət olmanın tələblərini yerinə yetirir. Xüsusilə ötən son bir həftə ərzində Azərbaycana qarşı edilən psixoloji təzyiq üsulları nəticəsində bütün dünya Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərini bir daha yaxından izlədi”.

Bu fikirləri Metbuat.az-a özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib. General ifadə etdi ki, sərhədi yanlışlıqla keçən iki Azərbaycan hərbiçisinə edilən zorakılıq Cenevrə Konvensiyası şərtlərinə ziddir.

“Konvensiyanın şərtlərinə görə, hərbi əsirlərə insan həyatına qəsd və fiziki toxunulmazlığın pozulması, xüsusilə hər cür qətl, şikəstetmə, qəddarlıq, işgəncə, insan ləyaqətinə qarşı hücum, xüsusilə təhqiramiz və alçaldıcı davranışlar tətbiq etmək beynəlxalq normalara əsasən qadağandır. Ermənilər bunu etməklə kifayətlənməyib, üstəlik bütün dünyaya nümayiş etdirdilər. Onlar əsgərlərimizə qarşı saxta qətliam bəhanələri irəli sürərək onu həbs ediblər. Ermənistan Cinayət Məcəlləsinə əsasən, Aqşin Bəbirov və Hüseyn Axundov guya bilərəkdən onların dövlət sərhədini qeyri-qanuni yolla keçərək odlu silah və sursat və başqa hərbi təyinatlı material və qurğu qaçaqmalçılığında ittiham olunurlar. Artıq bu məsələ ilə bağlı ABŞ, Britaniya və Aİ-də narahatlıqlarını ifadə ediblər”.

Bu yaxınlarda İrəvanda keçirilən idman yarışının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını Ermənistan terror dövləti olduğunu bir daha sübut etdiyini xatırladan Yücel Karauz vurğuladı ki, hər hansı bir dövlətin bayrağına qarşı belə hərəkət etmək qəbuledilməzdir.


“Beynəlxalq sülhün, sabitliyin və qardaşlığın təbliği istiqamətində fəaliyyət göstərən idman tədbirində Azərbaycan və Türkiyə bayraqlarına qarşı böyük hörmətsizlik nümayişi həm də, Ermənistan adlı terror dövlətində baş verən hadisələrə yanaşma tərzidir. Xatırladım ki, bir necə il öncə Bakıda keçirilən Avropa oyunlarının mükafatlandırılma tədbirində erməni idmançını Ali Baş Komandan İlham Əliyev şəxsən təbrik etmişdi. Deməli, müharibə, dövlətlərarası münasibətlərin yaxşı və ya pis olması və idman kimi siyasətə bağlı olmayan mühüm tədbirlər bir-birinə qarışdırılmalı olmayan məsələlərdir. Azərbaycanın humanist mövqeyini Ermənistan terror dövlətinin terror fəaliyyətini yan-yana qoyduğumuz zaman müqayisə etmək üçün bizə böyük imkan verir. Bütün bu çirkin davranışlara baxmayaraq, gözəl hadisə də baş verdi. Türkiyədən yarışlara qatılan iki idmançımız medallarını Azərbaycan üçün aldıqlarını və azərbaycanlı qardaşlarına hədiyyə etdiklərini bildirdilər. Onların bu xoş məramına qarşılıq olaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva idmançımıza minnətdarlığını bildirdilər. Onların ürəklərindən gələn bu münasibət Şuşa bəyannaməsinin, Şuşa qardaşlığının, sevincimizdə, kədərimizdə olmağımızın göstəricisi olmaqla bərabər, eyni zamanda, gələcək nəsillərə qalacaq gözəl bir örnək nümunədir”.

Yücel Karauz qeyd etdi ki, Birinci Qarabağ müharibəsindən sonra 28 il ədalətsiz və qanunsuz işğalına son qoymayan Ermənistan indi də Vətən müharibəsindən 30 ay keçməsinə baxmayaraq, yeni reallıqla barışmayıb, vaxt udmaq üçün ucuz mövqe sərgiləməkdə davam edir.

“Ermənistan bilsin ki, Azərbaycan bundan sonra növbəti dəfə 28 il gözləmək fikrində deyil. Ermənistan Azərbaycan ərazisindəki terror fəaliyyətlərini dayandıraraq bölgədən silahlı ünsürlərini dərhal çıxarmalıdır. Əks halda, Azərbaycan Qarabağda növbəti dəfə anti-terror əməliyyatı keçirərək bundan sonra 28 il gözləməyəcəyini dünyaya göstərəcək”.

Gülbəniz Hüseynli / METBUAT.AZ

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması”mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR