Ermənilər hərbçilərimizi diversantlarla dəyişmək istəyir -

"Ermənistanda hesab edirlər ki, Azərbaycan əsgərlərinin əsir düşməsi onlar üçün hansısa fürsəti yaradıb. Ermənilər ümid edirlər ki, Azərbaycan əsgərlərini 44 günlük savaşdan sonra diversiya-terror törətmək üçün ölkəmizin ərazisinə keçərək, həbs olunmuş erməni hərbçilərlə dəyişə biləcəklər. Ancaq ermənilərin bu ümidləri və cəhdləri həm mənasız, həm də məntiqsizdir ".

Bu açıqlamanı Metbuat.az-a siyasi şərhçi Elçin Xalidbəyli deyib. Ekspert hesab edir ki, əsirlərin dəyişdirilməsi ilə bağlı iddialar reallıqdan çox-çox uzaqdır.

Elçin Xalidbəyli

"Azərbaycan əsgərləri Ermənistan ərazisinə dumanlı hava şəraitində yolu azaraq keçiblər, silahsız olublar və orada heç bir hadisə törətməyiblər. Digər tərəfdən, Azərbaycan əsgərlərinə Ermənistanda dəhşətli işgəncələr verilib. Bu, Cenevrə konvensiyasının kobud şəkildə pozulması deməkdir. Ermənistan bu hərbi cinayətə görə beynəlxalq hüquq normalarına uyğun şəkildə cavab verməlidir. Hazırda beynəlxalq siyasi dairələrdə Ermənistanın Azərbaycan əsgərlərinə qarşı işgəncə verməsi ciddi müzakirə mövzusudur. Və rəsmi İrəvanın törətdiyi vəhşiliyin məsuliyyətindən yayınması mümkün deyil".

Rəsmi İrəvanın istənilən halda, Azərbaycan əsgərlərini geri qaytarmağa məcbur olacağını qeyd edən Elçin Xalidbəyli xatırlatdı ki, üstəlik, rəsmi Bakı son dövrlərdə baş vermiş silahlı toqquşmalarda əsir düşmüş erməni hərbçiləri geri qaytarıb. Siyasi şərhçi hesab edir ki, Ermənistanın Azərbaycan əsgərlərini geri qaytarmaqdan başqa çıxış yolu yoxdur.

"Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi hələ imzalanmayıb. Azərbaycan-Ermənistan sərhəd bölgəsində hərbi toqquşmalar vaxtaşırı təkrarlanır. Yəni, növbəti hərbi toqquşmaların baş verməyəcəyinə və erməni əsgərlərin əsir düşməyəcəyinə təminat yoxdur. Deməli, rəsmi İrəvan yaxın gələcəkdə analoji problemlərlə üzləşməmək üçün Azərbaycan əsgərlərini ən qısa zamanda geri qaytarmalıdır. Ümumiyyətlə, rəsmi Bakının yaxın vaxtlarda əsir düşmüş Azərbaycan əsgərlərini Ermənistandan geri almağın yolunu tapacağı qətiyyən şübhə doğurmur. Əgər, rəsmi İrəvan Azərbaycan əsgərlərini könüllü şəkildə geri qaytarmasa, onda böyük ehtimalla yaxın vaxtlarda erməni hərbçiləri də əsir düşəcək. Və bu problem mütləq həll ediləcək",- deyə Elçin Xalidbəyli fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR