​Bakıda bu küçə və prospektlər bağlandı -

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi hərəkət məhdudiyyətinin tətbiq olunacağı küçə və prospektləri açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

Aprelin 24-də gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Nəqliyyatın hərəkəti mayın 2-də səhər saat 08:00-dan etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci zona Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edən ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı “Yaşayış Yerinə Giriş İcazəsi” əsasında təmin olunur.

F1 trektini əhatə edən küçələrdə isə tam məhdudiyyət tətbiq olunduğu müddət ərzində köməkçi yollarla hərəkət DYP əməkdaşları tərəfindən 24 saat ərzində tam gücləndirilmiş qaydada təmin olunacaq.

Paytaxtın cənubundan mərkəzə doğru, yəni Azneft və Neftçilər dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü km-liyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar üçün isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə hərəkət etməklə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

"Belə ki, sürücülərdən və paytaxt sakinlərindən mərkəz istiqamətində şəxsi avtomobillərdən maksimum az istifadə etməyi, əsasən ictimai nəqliyyata üstünlük verməyi xahiş edirik!", - DYP rəsmisi əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR