Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir -

“Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif dövlətlərin, Qafqaz, o cümlədən Azərbaycan üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə almış, daima məqsədyönlü siyasət yürütmüşdür”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutu Qafqaz siyasəti şöbəsinin əməkdaşı, BZT Akademiyasın Orta Asiya və Qafqaz üzrə nümayəndəsi, Azərbaycan Universitetinin siyasi elmlər kafedrasının müəllimi Fərahilə Babayeva-Şükürova deyib. Müsahibimiz vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan dövlətinin azsaylı xalqlara qarşı münasibəti yüksələn xətlə inkişaf etmişdir.


Fərahilə Babayeva-Şükürova

“Bütün sahələrdə olduğu kimi, milli münasibətlər sahəsində də təxribatlara, naşılıqlara son qoyuldu. Ölkə əhalisinin iradəsi, enerjisi hesabına qorunub saxlanan milli birlik ilk dəfə məhz Heydər Əliyevin dövründə və onun sayəsində sarsılmaz xarakter qazandı. Dahi lider Qafqaz xalqları arasında qırılmaz bir körpü yaratmaq və burada xalqlar arasında sülhün təmin olunması naminə ciddi səylə addımlar atdı. “Qafqaz evi” ideyası Azərbaycan və Gürcüstan dövlət başçıları Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən inkişaf etdirildi. Bu ideya “Qafqazda sülh uğrunda” ideyası ilə əvəzləndi. 1996-cı ilin martın 8-də Azərbaycan Prezidenti H. Əliyevin Gürcüstana etdiyi rəsmi səfərdə 14 yeni sənəd imzalandı. Bu sənədlərdən biri də “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında bəyannamə” idi. Heydər Əliyev özünəməxsus uzaqgörənlik və müdrikliklə xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müxtəlif dövlətlərin bütövlükdə Qafqaz regionu və bilavasitə Azərbaycan üzərində köklənmiş ambisiyaları və maraqlarını dəqiq müəyyənləşdirmək, çevik manevrlər etməklə Azərbaycanın mənafelərinin qorunub saxlanması istiqamətində siyasət həyata keçirildi”.

Azərbaycanın ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildiyini ifadə edən millət vəkili Cavid Osmanov Metbuat.az-a dedi ki, Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub.

Millət vəkili Cavid Osmanov

“Bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr edən Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytardı, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinin və ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi müstəqil Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Məhz ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycanda sabitləşmə dövrü başladı. Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində əməli addımlar atmağa başladı”.

Millət vəkili tarixə nəzərən qeyd etdi ki, dünya azərbaycanlılarının təşkilatlanması və diaspor quruculuğu məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

“Bu gün də Heydər Əliyev ideyaları, siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yaşayır, inkişaf etdirilir. Azərbaycanda yaşayan hər bir azərbaycanlı özünü xalqımızın bu vaxta qədər yaratdığı milli-mənəvi dəyərlər sisteminin varisi hesab etməklə həm də onu zənginləşdirmək üçün fəaliyyət göstərir. Ölkədə mövcud olan multikultural və tolerant mühit bu təbliğatı asanlaşdırır və ümummilli konteksdə realizə olunmasını şərtləndirir. Hər bir vətəndaş Heydər Əliyevin anım günündə onun məzarını ziyarət edir. Bu, xalqın Ulu Öndərə verdiyi dəyərdir. Nə qədər ki, müstəqil Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq, onun siyasi kursu davam etdiriləcək.”

Ümummili liderin müasir azərbaycançılıq ideologiyası, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi olduğunu qeyd edən millət vəkili Arzu Nağıyev Metbuat.az-a açıqlamasında vurğuladı ki, Heydər Əliyev dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşdirməyə nail oldu.

"Torpaqlarımızdan qeyri-qanuni qüvvələr çıxmadıqca təxribatlar davam edəcək" -

Millət vəkili Arzu Nağıyev

“Heydər Əliyev istər Sovetlər dönəmində, istər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu ənənələri daim davam etdirmək istiqamətində addımlar atdı və düşünürəm ki, bunları qanuniləşdirdi. Heydər Əliyev fenomenini fərqləndirən də o idi ki, o, azərbaycançılığı dövlət ideologiyasına çevirdi. Burada da əsas tarixi siyasi amillərin təsnifatını verdi, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının bərpası və qorunması üçün hansı addımların atılmasını məhz ortaya qoydu. Qeyd edilənlərlə yanaşı, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə başladı. Yəni Azərbaycan uğurlu xarici siyasət həyata keçirərək öz beynəlxalq mövqeyini möhkəmləndirmiş oldu. Ölkəmiz beynəlxalq arenada müstəqil dövlət kimi tanındı, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələr quruldu. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında dönüş yarandı və genişmiqyaslı işlərə başlandı. Daha sonra Azərbaycan neftinin dünya bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət kəsb edən tədbirlər görüldü və mühüm əməkdaşlıq layihələri gerçəkləşdirildi”.

Millət vəkili ifadə etdi ki, Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Arzu Nağıyev xüsusilə qeyd etdi ki, Ümummilli lider Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə-neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu.

“Ulu öndərin düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayə yatırılmağa başlanıldı. Bu gün Azərbaycan sözün əsl mənasında müstəqil siyasət aparan ölkədir. Bu gün dünya xəritəsində belə ölkələrin sayı o qədər də çox deyil. Xüsusilə biz ərazisi, əhalisi o qədər də böyük olmayan ölkələrə fikir versək, görərik ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr o qədər də çox deyil. Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı olan ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bundan sonra da uzun illər boyu milli dövlətçiliyimizin inkişafına xidmət edəcəkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği – “Heydər Əliyev İli” ” mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR