Təbrizdə 20 Yanvarla bağlı anım mərasimi keçirilib - FOTO

Təbrizdə 20 Yanvarla bağlı anım mərasimi keçirilib - FOTO
14:32 19 Yanvar 2015
86 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Təbrizdəki Baş konsulluğunda, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib. Bu barədə Trend-ə Baş konsulluqdan məlumat verilib.

Məlumata əsasən, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan mərasimdə Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə çıxış edərək, 20 yanvar tarixinin Azərbaycan tarixində ümumxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda, qəhrəmanlıq, qürur və şərəf günü olduğunu, bu tarixin milli azadlıq və istiqlal uğrunda xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdiyi bir gün kimi yadda qaldığını diqqətə çatdırıb.

Baş konsul bu hadisəni törədənlərin hələ də layiqli cəzalarına çatmadığını, bunun əsas səbəblərinin dünyada ikili standartların mövcudluğu və həmin dövrdə Azərbaycana rəhbərlik edən şəxslərin qətiyyətsizliyindən irəli gəldiyini vurğulayıb.

O, həmin dövrdə bütün təzyiqlərə baxmayaraq, yerli və xarici kütləvi informasiya vasitələri təmsilçilərinin qarşısında hadisə ilə bağlı yeganə etiraz bəyanatının ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirilməsinin xalqımızın ruhlanması, dünya ictimaiyyətinin məlumatlandırılması və həqiqətlərin ört-basdır edilməsinin qarşısının alınmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Ə.Əlizadə bu hadisələrin həyata keçirilməsində birbaşa rolu olan ermənilərin hələ də utanmadan dünya ictimaiyyətini aldatmağa səy göstərdiklərini, zaman-zaman hətta 20 Yanvar faciəsinə dair fotoşəkilləri də qondarma "erməni soyqırımı"nın fotoşəkilləri kimi qələmə verməyə calışdıqlarını, ermənilərin nə qədər təhlükəli olmasını tarix boyu onların Azərbaycan, İran, Türkiyə və digər ölkələrin ərazisində həyata keçirdikləri soyqırım, terror hadisələrinin sübut etdiyini bildirib.

Mərasimdə Baş konsulluğun əməkdaşları N.Orucəliyev, Ş.Əhmədov da çıxış edərək 20 Yanvar hadisələrinin nəticələri, bu hadisələrin Azərbaycan ədəbiyyatında əks olunmasından danışıb, görkəmli şairlərimizin hadisə ilə bağlı şeirlərindən misralar səsləndiriblər.

Çıxışlardan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib, ehsan verilib, mərasim iştirakçıları 20 Yanvar hadisələrinə aid şəkillərdən ibarət fotostendə baxıb, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar hadisələrini özündə əks etdirən kitab, jurnal, buklet, qəzet və digər əyani materiallarla tanış olub.

Mərasimdə İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri, Şərqi Azərbaycan vilayətinin dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin və şəhər ictimaiyyətinin nümayəndələri, Türkiyənin Təbrizdəki baş konsulu və Baş konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR