Baş Prokurorluq: 20 Yanvar faciəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir

14:37 19 Yanvar 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 14:31 ]

"Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təqdim olunan sorğulara indiyədək müsbət cavab verilməyib”

Bakı. Hafiz Heydərov – APA. 20 Yanvar faciəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.  

 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, 20 yanvar faciəsi ilə bağlı ilkin araşdırmalar SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb və baş vermiş hadisələrlə əlaqədar hərbiçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlinərək,  20 dekabr 1990-cı il tarixli qərarla cinayət işinin icraatına xitam verilib: “Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 14 fevral 1992-ci ildə xitam qərarı ləğv edilərək həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə, 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

 

Hadisə baş verən dövrdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdülrəhman Vəzirov və digərlərinin cinayət məsuliyyətinə cəlb olunması barədə 1994-cü ildə qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

 

Cinayətdə təqsirli bilinən həmin dövrdə Ali Sovetin sədri olmuş Elmira Qafarova və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi Viktor Polyaniçko vəfat etdikləri üçün barələrindəki cinayət işinə xitam verilib.

 

Cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsirləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR