20 Yanvar Azərbaycan xalqının tarixində şanlı səhifədir

20 Yanvar Azərbaycan xalqının tarixində şanlı səhifədir
14:38 19 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, Pərvanə İmanova, AzərTAc
Yanvarın 19-da Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin 3 saylı tədris binasının qarşısında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə əklil və gül dəstələri qoydular. Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə ATU-nun rektoru, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu vurğulayıb. Qeyd olunub ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən 20 Yanvar şəhidləri ölümləri ilə ölməzliyə qovuşaraq tariximizin şərəfli səhifəsini yazıblar. Onların qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir.
Bildirilib ki, qanlı hadisələrin ertəsi günü ulu öndər Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək qanlı qırğını törədənlərə qarşı açıq etiraz edib, Sovet imperiyası tərəfindən törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Məhz Ümummilli Liderin təşəbbüsü ilə 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.
Akademik qeyd edib ki, ATU-nun doqquz tələbəsi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olub.
Tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı, professorlar İsfəndiyar İsmayılov, Çərkəz Cəfərov və başqaları çıxış edərək 20 Yanvar hadisələrinin başvermə səbəbləri və acı nəticələrindən danışıb, qanlı faciənin xalqımızın tarixində çox ağır eyni zamanda şanlı səhifələrindən biri olduğunu söyləyiblər.
Natiqlər 20 Yanvar hadisəsinin matəm günü olaraq anılmasından, bu tarixi hadisənin Azərbaycan milli azadlıq hərəkatının təməlini qoymasından, tariximizdə yeni bir səhifənin başlanğıcı olmasından söz açıblar. Çıxışlarda 20 Yanvarın qan yaddaşımıza əbədi həkk olunduğu, şəhidlərin xatirəsinin heç zaman unudulmayacağı vurğulanıb.
Tədbirdə dövlətimizin müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğı da xüsusi vurğulanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR