"İran-İraq sərhədində təhlükəsizliyin səviyyəsi yaxşıdır"

"İran-İraq sərhədində təhlükəsizliyin səviyyəsi yaxşıdır"
14:48 19 Yanvar 2015
118 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

"İki ölkənin sərhədçilərinin müştərək işi və koordinasiyalı əməkdaşlığı nəticəsində İran və İraqın müştərək sərhədlərini terrorçu qruplaşmalar tərəfindən heç bir təhlükə gözləmir və təhlükəsizlik səviyyəsi yaxşıdır". Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Sərhəd Xidmətinin rəhbəri Qasim Rzayi bu gün İranda səfərdə olan İraq Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin Sistan və Bəluçistan əyalətinin Zahidan şəhərinə səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Q.Rzayi bidlirib ki, İranın əsasən İraqın şimal bölgəsindəki sərhədində təhlükə var ki, bu da qaçaqmalçılıqla məşğul olan qruplar və PKK-nın İran qanadı olan PEJAK-ın oradakı fəaliyyəti ilə əlaqədardır: “İraqlı həmkarlarımızla əldə etdiyimiz razılığa əsasən, İraq sərhədçiləri bu bölgədə təmizləmə işləri görəcək”.

O, İŞİD terror qruplaşmasının gücünün İraqda getdikcə zəiflədiyini, məhv olmaq üzrə olduğunu bildirib və İŞİD-i təhlükə hesab etməyib: “Ordu və xalqın köməyi ilə İraqda hər gün İŞİD terror qruplaşmasının işğal etdiyi ərazilərin azad olunduğunu görürük”.

Sərhəd Xidmətinin rəhbəri deyib ki, İraq nümayəndə heyəti Sistan və Bəluçistan əyalətindəki sərhədlərin mühafizəsində gördüyümüz işlərlə tanış olub: “İran sərhədlərin mühafizəsindəki təcrübəsini İraq xalqı və hökuməti ilə bölüşəcək”.

Qeyd edək ki, İraqın daxili işlər naziri Məhəmməd Salim əl-Ğabbanın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 17-də Tehrana səfər edib. Səfər çərçivəsində iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın artırılması, təcrübə mübadiləsi və İraqın polis qüvvələri üçün təlimlərin təşkili, milli və regional səviyyədə əməkdaşlığın inkişafı sahələrində müzakirələr aparılıb və razılıqlar əldə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR