Lənkəranda yerli jurnalistlər üçün fövqəladə hallarla bağlı “dəyirmi masa”

14:53 19 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+


Lənkəran, 19 yanvar, AzərTAc
Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi “Lənkəran” qəzeti redaksiyasının yerləşdiyi binada yerli jurnalistlər üçün “Baş verə biləcək fövqəladə hadisələrin aradan qaldırılması ilə əlaqədar qarşıda duran vəzifələr, mülki müdafiə hazırlığının təşkil olunması haqqında mühazirələrin oxunması və mətbuat vasitəsilə işıqlandırılması” mövzusunda “dəyirmi masa” keçirib.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən “Lənkəran” qəzetinin redaktoru İltifat Əhmədov əhali arasında yanğın və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması, mülki müdafiə işinin təşkili, eləcə də fövqəladə hallar zamanı düzgün davranış qaydalarının təbliği məqsədilə FHN-in regionda fəaliyyət göstərən qurumları tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
FHN-in Cənub Regional Mərkəzinin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Zaur Hüseynov “Fövqəladə vəziyyət şəraitində tətbiq olunan tədbirlər və müvəqqəti məhdudiyyətlər”, qurumun ərazi orqanları ilə iş şöbəsinin baş zabiti, daxili xidmət mayoru İzzət İbadov “Regionda baş verə biləcək fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması zamanı mərkəz ilə regionun yerli qurumları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi”, “Yanğının baş vermə səbəbləri və onun təhlükəli amilləri, yanğın baş verdikdə ona qarşı mübarizə tədbirləri”, mülki müdafiə işinin təşkili şöbəsinin baş zabiti, baş leytenant Rövşən Rzayev “Fövqəladə halların yaranma səbəbləri və onlardan mühafizə üsulları”, “Hansı hadisələr baş verdikdə “112” qaynar telefon xəttinə zəng etmək olar?” mövzularında çıxışlar ediblər.
Açıq diskussiya şəklində davam edən tədbirdə “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri” və “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair videoçarxlar və fotoslaydlar nümayiş olunub.
Tədbir iştirakçılarına “Hansı hallarda “112” qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “İdarə və müəssisələrdə yanğın təhlükəsizliyi” mövzularında hazırlanmış yaddaş kitabçaları və bukletlər paylanılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_yerli_jurnalistler_uchun_fovqelade_hallarla_bagli_deyirmi_masa-825746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR