20 Yanvar Azərbaycan xalqının şərəf və qəhrəmanlıq günüdür

20 Yanvar Azərbaycan xalqının şərəf və qəhrəmanlıq günüdür
14:58 19 Yanvar 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, Məhərrəm Əlioğlu, AzərTAc 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Nizami Kino Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan anım tədbiri keçirib.
AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində təşkil olunan mərasimdə Bakının Qaradağ, Yasamal, Nərimanov, Binəqədi, Sabunçu rayonlarından çağırışaqədərki hazırlıq rəhbərləri və yuxarı sinif şagirdləri iştirak edib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xidmət rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpası uğurunda savaşmaq qüdrətini bir daha göstərdiyini vurğulayıb.
N.Orucov qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağır, acı ilə xatırlanacaq gün deyil, həmçinin şərəf, qəhrəmanlıq günüdür: “Azərbaycan xalqı belə bir tarixi sınaqdan qəhrəmanlıq nümunəsi göstərərək çıxdı və müstəqilliyini əldə etdi. Eyni zamanda, Qanlı Yanvar hadisələri xalqımız üçün bir ibrət dərsi oldu və artıq 25 ildir bu günün qeyd olunması təsadüfi deyil. Xalqımız azadlıq uğurunda canlarını fəda edən insanların xatirəsini, onların qəhrəmanlıqlarını yüksək tutur”.
Xidmət rəisinin müavini Qanlı Yanvar faciəsinin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolundan danışaraq, hadisədən dərhal sonra onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanat verməklə öz həyatını belə təhlükə altına qoyduğunu vurğulayıb: “Ulu öndər Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi”.
Sonda N.Orucov hər bir Azərbaycan vətəndaşı kimi gənclərin də ən əsas vəzifəsinin xalqımızın qəhrəmanlıq tarixini unutmaması və özündən sonra gələn nəslə çatdırması olduğunu bildirib.
“Gültəkin” filminin rejissoru Kəmalə Musazadə film haqqında məlumat verib.
Mərasimdə Azərbaycanın Milli qəhrəmanları Gültəkin Əsgərova və Mübariz İbrahimov haqqında “Gültəkin” və “Mübarizlik zirvəsi” filmləri nümayiş olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR