Gəncədə Heydər Əliyev Universitetində tədbir keçirildi

15:03 19 Yanvar 2015
112 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetində “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə şəhər partiya təşkilatı İdarə Heyəti və Şurasının üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açıb və bildirib ki, xalqımız üçün faciəli olan qanlı yanvardan 25 il keçir. Bu faciə öz mahiyyətinə görə təkcə Azərbaycanın deyil, XX əsrdə dünyanın ən böyük faciələrindən biridir. Torpağının və azadlığının müdafiəsinə qalxan bir xalqa sovet ordusunun hərbi qüvvələri tərəfindən qanlı divan tutulub və yüzlərlə silahsız insan tankların, zirehli texnikanın altına salınaraq məhv edilib.

20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra bu qanlı faciə ilə bağlı videoçarx izlənilib.

N.Həmzəyev 20 Yanvar hadisələrinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilməsindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ermənilərin azərbaycanlılara qarşı məkrli düşmən siyasətinin ifşa edilməsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması, torpaqlarımızın düşmən işğalından azad edilməsi istiqamətində həyata keçirdiyi dünyamiqyaslı tədbirlərdən, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün göstərdiyi dəyərli xidmətlərdən geniş bəhs edib.

AMEA-nın Gəncə bölməsinin direktoru, akademik Fuad Əliyev, şəhər partiya təşkilatının sədr müavini Pərvin Kərimzadə, ideologiya şöbəsinin müdiri Hüseyn Budaqov, Səhiyyə İdarəsinin müdiri Əlikram Məmmədov çıxış edərək, ölkəmizdə, eləcə də Gəncədə şəhid ailələrinə yüksək diqqət və qayğı göstərildiyini, bu istiqamətdə dəyərli işlər görüldüyünü bildirməklə, azadlıq və müstəqillik qurbanlarının qanının yerdə qalmayacağını, ölkə başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti və ciddi səyləri nəticəsində işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyini, Vətənimizin ərazi bütövlüyünün bərpa olunacağını vurğulayıblar.

Sonda Gəncə şəhər 23 saylı tam orta məktəbin şagirdləri tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR