Koreya Respublikasında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib

Koreya Respublikasında 20 Yanvar faciəsinin ildönümü qeyd edilib
15:13 19 Yanvar 2015
125 Ölkə
Ölkə mətbuatı
A- A+


Seul, 19 yanvar, AzərTAc
Azərbaycanın Respublikasının Koreya Respublikasındakı səfirliyi paytaxt Seulda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirib.
Tədbirdə Koreyada yaşayan soydaşlarımız, Azərbaycan-Koreya Tələbə Assosiasiyasının (BUTA) fəalları, Koreya Respublikasının ölkəmizdə fəaliyyət göstərən şirkətləri və təşkilatlarının baş ofisinin nümayəndələri, habelə yerli KİV-lərin təmsilçiləri iştirak ediblər.
Mərasim iştirakçıları 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov Qanlı Yanvar faciəsinin səbəbləri, sovet qoşunlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı haqqında ətraflı məlumat verib. O, Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulmasını və kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsini totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini söyləyib. Eyni zamanda, səfir sovet ordusunun törətdiyi cinayəti BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəalarının kobud şəkildə pozulması kimi xarakterizə edib. O, faciəyə bu günə kimi beynəlxalq hüquqi qiymətin verilməməsindən təəssüfünü bildirib.
Tədbirdə 20 Yanvar faciəsinə dair sənədli film nümayiş etdirilib və mövzu ilə bağlı fotosərgiyə baxış olub. Bununla yanaşı, “The Korea Post” jurnalının yanvar buraxılışının nüsxələri tədbir iştirakçılarına paylanılıb.
Xatırladaq ki, həmin jurnalın yanvar buraxılışında “Müstəqillik və azadlıq uğrunda mübarizə. Azərbaycan Qara Yanvar faciəsinin 25-ci ildönümünü qeyd edir” adlı geniş məqalə dərc olunub.
Şahin Cəfərov
AzərTAc-ın xüsusi müxbiri
Seul

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR