20 Yanvar qürür günümüzdür

15:13 19 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, Tərgül Ağayeva, AzərTAc
Təhil Problemləri İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “20 Yanvar qürür günümüzdür” mövzusunda tədbir keçirilib.
Anım mərasimində ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciəni əks etdirən film nümayiş olunub.
AzərTAc xəbər verir ki, tədbirdə institutun direktoru, hüqüq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda dinc əhaliyə qarşı törətdiyi qəddarlıqdan danışıb. O, müdhiş gecədə əliyalın insanlara, o cümlədən uşaqlara və qocalara divan tutulub, günahsız qanlar axıdılıb. Faciə nəticəsində 147 nəfər şəhid olub, yüzlərlə insan yaralanıb və qanunsuz olaraq həbs edilib.
Q.Novruzov qeyd edib ki, bu hadisə yalnız faciə deyil, eyni zamanda, xalqımızın imperiya köləliyinə qarşı milli azadlıq hərəkatının, müstəqillik uğrunda mübarizəsinin şərəf və ləyaqət zirvəsidir.
Diqqətə çatdırılıb ki, ən çətin günlərdə də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirib. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xarici jurnalistlər qarşısında çıxış edib, imperiya siyasətini, M.Qorbaçovun xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa edib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi məsələsi yenidən gündəmə gəlib. Milli Məclis tərəfindən isə 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edilib.
Digər çıxış edənlər də 20 Yanvar faciəsinin xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını söyləyiblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_qurur_gunumuzdur-825754

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR