Şəhidlər xiyabanında hazırlıq işləri yekunlaşıb

Şəhidlər xiyabanında hazırlıq işləri yekunlaşıb
15:34 19 Yanvar 2015
109 Sosial
Ölkə mətbuatı
A- A+

20 yanvar faciəsinin 25-ci il dönümü ilə əlaqədar Şəhidlər Xiyabanında hazırlıq işləri yekunlaşıb. Xiyabanın girişində ağ və qırmızı qərənfillərdən ibarət üzərinə qan damcılayan Azərbaycan xəritəsi kompozisiyası yaradılıb.

 

Qanlı 20 Yanvar faciəsindən 25 il ötür. Hər il olduğu kimi, bu il də vətənin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin anım günü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri görülüb. Azərbaycanın bütün bölgələrində anım tədbirləri keçirilir. Dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədi ilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən anım mərasimlərinin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub. Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə həmin gün saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər Xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.

 

Gül kompozisiyaları həm xiyabanın girişində, həm də xiyaban boyunca bir çox yerdə hazırlanıb. 20 Yanvara bir gün qalmasına baxmayaraq, bu gündən xiyabana insan axını müşahidə olunur. Əsasən məktəblilər, müxtəlif qurumların əməkdaşları xiyabanı ziyarətə gəlirlər.

Qeyd edək ki, 20 Yanvar  faciəsinin 25-ci ildönümü ilə əlaqədar olaraq, Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-i saat 08:00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi - Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190797

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR