Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 20 Yanvar şəhidlərini anım mərasimi keçirib

15:48 19 Yanvar 2015
177 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlkin İzzət/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, mərasimə Bakının Qaradağ, Yasamal, Nərimanov, Binəqədi, Sabunçu rayonlarından çağırışaqədərki hazırlıq rəhbərləri və yuxarı sinif şagirdləri qatılıblar.

Öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Xidmət rəisinin müavini general-mayor Novruzəli Orucov çıxış edərək, 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq qüdrətini bir daha göstərdiyini vurğulayıb. N. Orucov qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı, acı ilə xatırlanacaq gün deyil, həmçinin şərəf, qəhrəmanlıq günüdür: “Azərbaycan xalqı belə bir tarixi sınaqdan qəhrəmanlıq nümunəsi göstərərək çıxdı və müstəqilliyini əldə etdi. Eyni zamanda, Qanlı Yanvar hadisələri xalqımız üçün bir ibrət dərsi oldu və artıq 25 ildir bu günün qeyd olunması təsadüfi deyil. Xalqımız azadlıq uğrunda canlarını fəda edən insanların xatirəsini, onların qəhrəmanlıqlarını yüksək tutur”.

Xidmət rəisinin müavini Yanvar faciəsinin dünyaya çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolundan danışaraq, hadisədən dərhal sonra onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanat verməklə öz həyatını belə təhlükə altına qoyduğunu vurğulayıb: “Azərbaycan xalqını birliyə çağırışda ulu öndərin həmin bəyanatının çox böyük rolu oldu. Sonrakı dövrdə də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi”.

Çıxışının sonunda N.Orucov hər bir Azərbaycan vətəndaşı kimi gənclərin də ən əsas vəzifəsinin xalqımızın qəhrəmanlıq tarixini unutmaması və özündən sonra gələn nəslə çatdırması olduğunu bildirib.

Anım mərasimi Azərbaycanın Milli Qəhrəmanları haqqında filmin nümayişi ilə davam etdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR