Bakı - APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
BAXCP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda 20 Yanvar faciəsinin 25-ci ildönümü müzakirə olunub, həmin tarixdə Azərbaycan xalqının milli iradə və müstəqil yaşamaq əzmi nümayiş etdirdiyini vurğulanıb.
İdarə Heyətinin müzakirəsinə çıxarılan növbəti məsələ partiyanın 2007-ci ildən etibarən aprelin 24-də qeyd etdiyi Xilaskar Türk Əsgərinin Anım Günü ilə bağlı olub. BAXCP İdarə Heyəti Azərbaycan prezidentinin Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin dövlət başçısının Çanaqqala savaşının 100-cü ildönümünün aprelin 24-də keçiriləcəyi ilə bağlı səsləndirdiyi bəyanatı yüksək dəyərləndirib.
Qeyd edilib ki, BAXCP 2007-ci ildə başlatdığı ənənəsini bu il də davam etdirəcək və bu il aprelin 24-nü ənənəsinə uyğun olaraq Xilaskar Türk Əsgərinin Anım Günü, həm də Çanaqqala savaşının 100-cü ildönümü kimi qeyd edəcək.
BAXCP İdarə Heyəti hesab edir ki, aprelin 24-də ölkənin bütün siyasi qüvvələri, bütövlükdə ölkə ictimaiyyəti bir araya gəlməli, Çanaqqala savaşının 100-cü ildönümü və Xilaskar Türk Əsgərinin Anım Günü Azərbaycanda da geniş şəkildə qeyd olunmalıdır.