Xarici tələbələrin "20 Yanvar"a baxışı (FOTO)

Xarici tələbələrin "20 Yanvar"a baxışı (FOTO)
16:13 19 Yanvar 2015
170 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Fikir şənbəsi” klubunda 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan görüş keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbirdə 20 Yanvar Cəmiyyətinin sədri Soltan Əzizmzadə, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini Rüzgar Əliyev, Şəhid Ailələri və Milli Qəhrəmanlar İctimai Birliyinin sədri Əlirza Mehdiyev, şəhid Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova, 20 Yanvar hadisələrində əlil olmuş Musatafa Əliyev, Cavid Abdullayev və Azərbaycanda təhsil alan xarici tələbələr, Bilik Fondunun könüllüləri iştirak ediblər.

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad ediləndən sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov 25 il öncə Bakıda dinc insanlara qarşı törədilən qətliamdan danışıb. İcraçı direktor bildirib ki, dövlətinin azadlığı uğrunda sovet qoşunularına qarşı əliyalın mübarizəyə qalxan insanlar Vətən yolunda tərəddüd etmədən canlarından keçiblər.

O.Səmədov xüsusən xarici tələbələrin diqqətinə çatdırıb ki, 1990-cı ilin ağır günlərində ümummilli lider Heydər Əliyev Moskvada Azərbaycan səfirliyinə gələrək xalqımızın yaşadığı fəlakəti bütün dünayaya bəyan edib.

Tədbirdə 20 Yanvar dəhşətlərini göstərən film nümayiş olunub. Hadisələrin iştirakçıları, zərərçəkənlər, şahidlər, təşkilat rəhbərləri çıxış edərək bildiriblər ki, onlar həmin faciəni bir an da olsun unutmurlar. Bununla yanaşı, 1990-cı ilin 20 yanvar gününü tariximizin şərəfli səhifələrindən biri kimi dəyərləndirirlər.

Xarici tələbələr öz ölkələrinin müstəqillik tarixlərindən danışaraq, qeyd ediblər ki, azad dövlətdə yaşamaq istəyən xalqlar arzularına qurbanlar bahasına çatıblar.

25 il öncə qan içində olan Bakı bu gün dünya paytaxtları arasında cazibədar görünüşü ilə fərqlənir. Bakı Slavyan Universitetinin xarici tələbələri şəhərin bugünkü görüntülərini fotoşəkillərlə canlandırıblar. Tədbirdən sonra Bilik Fondunun könüllüləri tərəfindən qiymətlənirilən fotoloların müəllifləri mükafatlandırılıblar. 1-ci yerə Rusiya təmsilçisi Mərcan Nağıyeva, 2-ci yerə Latviya təmsilçisi Linda Eltermane, 3-cü yerə Türkmənistan təmsilçisi İrada Əliyeva, 4-cü yerə Rusiya təmsilçisi Arzu Mardanova layiq görülüblər.

Tədbirdə Bilik Fondunun könüllüsü, faciənin yaşıdı, eşitmə qüsurlu Behbud Cəfərquliyevin 20 Yanvar hadisələrinə həsr etdiyi rəsmlər nümayiş olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2354854.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR