İğdırda azərbaycanlı girovlarla bağlı etiraz aksiyası keçirilib (FOTO)

İğdırda azərbaycanlı girovlarla bağlı etiraz aksiyası keçirilib (FOTO)
16:18 19 Yanvar 2015
91 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən İğdır Azərbaycan Evi Dərnəyi işğal altındakı Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərovla Şahbaz Quliyev barəsində 27 oktyabr 2014-cü ildən hüquqi əsası olmadan aparılan "məhkəmə prosesi"nin dayandırılması və onların dərhal azadlığa buraxılması üçün imzatoplama kampaniyasına başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, öz doğma torpaqlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülmüş D.Əsgərovla Ş.Quliyevin azadlığa buraxılmaları üçün İğdırdakı Sülh abidəsi önündə toplaşan kampaniyanın təşkilatçıları əllərində Azərbaycan və Türkiyə bayraqlarını və girovların fotolarını, həmçinin müxtəlif plakatlar tutaraq soydaşlarımıza azadlıq tələb ediblər.

İğdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Həsən Həsənovun vəhşicəsinə qətlə yetirilməsinə və iki soydaşımızın üç aydır qanunsuz həbsdə saxlanılmasına dünya ictimaiyyətinin laqeyd qalmasını təəssüflə vurğulayıb.

S.Ünsal soydaşlarımızın qanunsuz həbsini Ermənistanın heç vaxt sülh tərəfdarı olmamasının bariz nümunəsi kimi qiymətləndirib: "Ermənistan həm Azərbaycan torpaqlarını işğal edir, həm də günahsız insanları qanunsuz həbs edir. Biz bu gün buna etirazımızı bildirmək üçün toplanmışıq. Azərbaycanlı girovlar ən qısa müddətdə azadlığa buraxılmalıdır”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR