Birinci Avropa Oyunları ilə bağlı yüzlərlə sürücü ingilis dili kurslarını başa vurub

Birinci Avropa Oyunları ilə bağlı yüzlərlə sürücü ingilis dili kurslarını başa vurub
16:28 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, Ceyhun Rüstəmov, AzərTAc 
Birinci Avropa Oyunları zamanı idmançılara, nümayəndə heyətlərinin üzvlərinə, turistlərə xidmət göstərəcək avtobus və taksi sürücüləri üçün ingilis dili kursları davam edir. Artıq yüzlərlə sürücü bu kursları başa vurub.
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AzərTAc-a müsahibəsində bildirib ki, kurslar həm Beynəlxalq Avtovağzal Kompleksində, həm də Dərnəgüldəki Tədris Kurs Kombinatında təşkil edilib.
Bu kurslarla yanaşı, həmçinin peşəkar sürücü bazası da formalaşdırılır: “21 yaşını tamamlamış, 3 il sürücülük təcrübəsi və D kateqoriyalı sürücülük vəsiqəsi olan hər bir şəxs kurslarda iştirak edə bilər. Burada sürücülərin etik davranışı, xarici dil bilməsi kimi amillər də nəzərə alınmaqla, peşəkar sürücülük bazası yaradılacaq. Bu yaxınlarda vahid formanın tətbiqi də reallaşacaq. Biz istəyirik ki, həm şəhərdaxili sərnişindaşımada, həm də taksilərdə yalnız peşəkar sürücülər işləsin. Qarşıdakı günlərdə bu proseslər daha sürətlə aparılacaq”.
Ölkəmizdə beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi ilə bağlı təcrübənin formalaşdığını söyləyən N.Həsənov birinci Avropa Oyunlarının miqyasına görə “Eurovision” musiqi yarışmasından daha böyük olduğunu vurğulayaraq deyib: “Bu oyunlarda 49 ölkədən 6 min idmançı və nümayəndə heyətlərinin üzvləri iştirak edəcək. Biz hazırda onlara xidmət göstərəcək avtobusların sayını və hərəkət marşrutlarını dəqiqləşdiririk. Oyunlar keçirilən zaman Ziya Bünyadov və Heydər Əliyev prospektləri kimi əsas yollarda sərnişin avtobuslarının hərəkət sxemlərinə dəyişiklik ediləcək. Hazırda bu istiqamətdə iş aparılır, cədvəllər tutulur, avtobus və sürücülərin sayı müəyyənləşdirilir”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR