20 Yanvarda Azərbaycan xalqı azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi 

20 Yanvarda Azərbaycan xalqı azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi 
16:38 19 Yanvar 2015
120 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə və əlillərlə görüş keçirilib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov 1990-cı il yanvarın 20-də sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışıb. O, xalqımızın yaddaşına unudulmaz faciə kimi yazılmış 20 Yanvar hadisələrinin həm də tariximizin qəhrəmanlıq səhifəsi olduğunu qeyd edib.
Bildirilib ki, həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, müstəqillik və azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. 
20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində Ulu Öndərin əvəzsiz rolunu vurğulayan icra başçısının müavini bildirib ki, Ümummilli Lider şəhid ailələrini, əlil olmuş vətəndaşlarımızı hər zaman diqqət mərkəzində saxlayıb. Heydər Əliyev hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə heç nədən çəkinmədən öz xalqının hüquqlarını müdafiə etdi.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş şəxslərə verilən təqaüd və müavinətləri daim artırır, onlara hər cür qayğı göstərir.
Şəhid ailələri və əlillər adından çıxış edən 20 Yanvar Fondunun rayon şöbəsinin sədri Müxəstə Həsənova bu dəhşətli qətliamı törədən keçmiş imperiya rəhbərlərinin məkrli niyyətlərindən danışıb, hadisələrə ilk dəfə siyasi-hüquqi qiymətin Ümummilli Lider tərəfindən verilməsini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov və digərləri çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaq. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə qəlbimizdə uca tutulacaq.
Tədbirin sonunda 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə və əlillərə rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvarda_Azerbaycan_xalqi_azadliq_ugrunda_mubarize_ezmini_butun_dunyaya_beyan_etdi_-825792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR