20 Yanvar istiqlal tariximizin şərəfli səhifələrindəndir

20 Yanvar istiqlal tariximizin şərəfli səhifələrindəndir
16:48 19 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, Kifayət Əliyeva, AzərTAc
Yanvarın 19-da Azərbaycan Texniki Universitetində 20 Yanvar hadisələrinin iyirmi beşinci ildönümünə həsr olunan tədbir keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Universitetin rektoru, professor Havar Məmmədov tarixdə misli görünməmiş faciənin baş verməsi səbəblərindən və ağır nəticələrindən danışıb. Qeyd olunub ki, erməni millətçilərinin Azərbaycana qarşı heç bir əsası olmayan ərazi iddialarına etirazını bildirmək üçün küçələrə çıxan əliyalın insanların üzərinə təpədən-dırnağadək silahlanmış sovet qoşun hissələrinin yeridilməsi, onların gülləbaran edilməsi, günahsız insanların qanının axıdılması dəhşətli faciəyə səbəb olmuşdur.
Rektor vurğulayıb ki, 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, onun azadlıq ruhuna qarşı təcavüz idi. Xalqımızın qan yaddaşına dəhşətli faciə kimi yazılmış 20 Yanvar, eyni zamanda, qəhrəmanlıq tariximizin şanlı səhifələrindəndir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə törədilən dəhşətli cinayət, günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməmişdir. Əksinə, xalqı daha da birləşdirmiş, mübarizliyini artırmışdır. Həmin gecə Azərbaycan xalqı yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etmişdir.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılıb, bu faciə hərbi təcavüz və cinayət kimi siyasi-hüquqi qiymətini alıb, onun təşkilatçılarının cəzalandırılması tələb edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov xalqımızın öz azadlığı uğrunda tarixən apardığı milli azadlıq mübarizəsinin mərhələləri barədə danışıb. Alim bildirib ki, ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyətə malik 20 Yanvar istiqlal tariximizin şərəfli səhifələrindəndir.
Tədbirdə əminliklə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə güclənən Azərbaycan Respublikası tezliklə ərazi bütövlüyünü tam təmin edəcəkdir.
Sonda tələbələr 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR