Azərbaycan-Türkiyə: Qardaşlığın paralelindəki “real politics” - TƏHLİL

17:22 19 Yanvar 2015
166 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 17:17 ]

İstanbul. Mayis Əlizadə - APA. Azərbaycan prezidenti İlham Əliyevin sonuncu Türkiyə səfəri bir çox baxımdan diqqətçəkən oldu.

 Keçirilən görüşlərdə və görüslərdən sonra verilən mesajlar Azərbaycan və Türkiyə arasında münasibətlərin son dövrlər haradan haraya inkişaf məsafəsi keçdiyinə bir daha nəzər salmaq ehtiyacı yaradır.

 

1. Türkiyə-Azərbaycan münasibətlərinin tarixindəki devrim nöqtələri

 

2005-ci ilin dekabrında Azərbaycan Milli Məclisində çıxış edən Türkiyə baş naziri Tayyip Ərdoğan iki ölkə arasındakı 500 milyon dollarlıq ticarət dövriyyəsinin çox kiçik həcmli olduğunu demişdi.

 

Durum, “Bir millət iki dövlət” frazasının yaratdığı həyəcansızlıq bir tərəfə dursun, qonşular arasındakı münasibətlər baxımından belə normal deyildi; çünki 1997-ci ildə Azərbaycanın xarici ticarətində 40% olan Türkiyənin payı, 2004-cü ildə 11%-ə düşmüşdü. Ölkəyə inanılmaz həcmdə əcnəbi sərmayə çəkən və bir çox hallarda haradan olursa-olsun pul taparaq (hətta  boyunu aşan dərəcədə) xaricə sərmayə aparan Türkiyə üçün Azərbaycanla münasibətlərdə yaranmış bu mənzərə qəbuledilməz sayılmışdı.

 

Ərdoğan hökumətinin bu işi kökündən düzəltmək üçün məsul qıldığı xarici ticarətə cavabdeh dövlət naziri Gürşad Tüzmən bu söhbətin üstündən 1.5 il keçəndən sonra - 2007-ci ilin mayında (Baş qərargah rəisinin prezident seçkisi ərəfəsində AKP-yə ultimatum verdiyi günlərdə) “İşlər nə yerdədir”- sualıma “Birinci mərhələ üçün Azərbaycan prezidentinə 1 milyard dollarlıq dövriyyəyə çatmaq üçün söz vermişdim. Bunu bacardıq. İkinci mərhələdə isə 3 milyard dollar üçün söz vermişəm.

 

- Bəs ondan o tərəfə?

 

- Önümüzdəki bir neçə ildə 5 milyard dollara çıxara bilərik, ancaq ondan o tərəfi üçün çox ciddi qarşılıqlı investisiyalara ehtiyac var” deyən Tüzmən realistliyini qorumuşdu.

 

1 may 2009-cu ildəki dəyişikliklərlə kabinədən kənarda qalan Tüzmən haqlıydı; irəliləyən dönəm bunun çox gözəl örnəklərini sunacaqdı.

 

Qarşılıqlı sərmayənin örnəyi olmasa da, 12 iyul 2006-da açılan Bakı-Tiflis-Ceyhan neft boru xətti ikitərəfli münasibətlərdə güvən və etimad lakmusu olmuşdu.

 

Türkiyə-Azərbaycan münasibətlərindəki devrim isə 2010-cu ilin mayında Türkiyənin ən böyük neftayırma müəssisəsi olan Petkimin 51%-nin tender vasitəsiylə ARDNŞ tərəfindən alınmasıyla yaşandı. Petkim firması şirkətin 51%-nə tenderdə 2 milyard 40 milyon dollar ödəyən ARDNŞ-ə keçdi. Aralıq dənizindən (Bakı-Ceyhan) sonra Egey dənizinin də strateji önəmi üzərində diqqətli analizlər yapan Azərbaycan rəhbərliyi İzmirin Aliağa yarımadasına iri həcmli birbaşa investisiya nəql etmək üçün təxminən 17 ay gözlədi və 25 oktyabr 2011-ci ildə Bakıdan yarımadaya geniş əhatəli layihələri dəstəkləmək üçün 5 milyard dollarlıq birbaşa sərmayə getdi; layihələrin biri o gün təməli atılan Heydər Əliyev adına liseydə peşəkar mütəxəssislər yetişdirmək üçün nəzərdə tutulmuşdu. 25 oktyabr 2011-ci ildə İzmirdə iki ölkə arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı keçirildi; bu, bir növ, iki ölkə hökumətlərinin müştərək kabinə iclasıydı. Toplantıdan sonra mətbuat konfransında çıxış edən baş nazir Ərdoğan “Azərbaycandan birbaşa investisiya şəklində gələn 5 milyard dollar həm də bizim cari açığımızın qapadılması nöqtəsində çox önəmlidir” sözləriylə 25 oktyabrın önəminə diqqət çəkmişdi.

 

”25 oktyabr Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərinin inkişafında tarixi bir gündür” - deyən Azərbaycan prezidenti İlham Əliyev isə o sözləriylə, sanki gələcəkdəki  inkişafa da körpü atırdı. Necə ki, 28 iyun 2012-ci ildə İstanbuldakı Dolmabahçe sarayının mərasim salonunda 7 milyard dollarlıq TANAP layihəsinin imza mərasimi keçirildi. 3.5 illik müddətdə imzalanmış əlavə layihələrlə Azərbaycandan Türkiyəyə gələn investisiya miqdarı bu gün etibarı ilə təxminən 16 milyard dollardır ki, bu, Türkiyə Cümhuriyyəti tarixinin ən böyük birbaşa investisiyası sayılır. Bayaqdan bəri təkrarladığım “birbaşa investisiya” məfhumunu azacıq açmağımı istəyirsinizsə; bu, ölkəyə xaricdən gətirilərək qısa müddətdə böyük gəlir əldə edəndən sonra yenidən xaricə çıxarılan “isti pul” deyil; birbaşa sərmayə - maliyyə sisteminə oturdulan və vergiləndirilən bir fenomen olub, belə demək mümkünsə, iqtisadiyyat sahəsində bir ölkənin başqa ölkəyə edə biləcəyi ən böyük yaxşılıqdır. Türkiyə Cümhuriyyətinə edilmiş  belə yaxşılıq siyahısında Azərbaycan hal-hazırda birinci yerdədir...

 

   2. İzmirdən Ankaraya

 

İzmirdəki I Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasından keçən müddət ərzində daha 2 Şura keçirilmişdi. IV  Şura yanvarın 15-də Ankarada keçirildi ki, orda da Azərbaycan tərəfindən bu işin ənənəvi müdavimləri olan nazirləri gördük. Türkiyə tərəfindən isə dəyişikliklər var idi: indiyə qədər bu işlərə hökumət başçısı kimi nəzarət edən Tayyip Ərdoğan indi prezident idi. İqtisadiyyatçı Ali Babacanın yerində jurnalist Yalçın Akdoğan dururdu; baş nazir kreslosuna keçən Ahmet Davutoğlunu Azərbaycanın da yaxından tanıdığı Mevlut Çavuşoğlu əvəz etmişdi; Zəfər Çağlayanın yerini  Nihat Zeybəkçi almışdı. Nazir kreslosunu Lütfi Əlvana təhvil versə də, Binali Yıldırımın Aksaray protokolunun ön sıralarında durması onun, prezident sarayının ikinci adamı olacağına dair iddiaları gücləndirirdi. IV Şuranın başa çatmasından sonra Əliyev və Ərdoğanın keçirdiyi ortaq mətbuat konfransından qeydlərimə baxıram; Ərdoğan iki ölkə arasında ticarət dövriyyəsinin 2023-cü  ildə 15 milyard dollara çıxarılacağını deyib. Bakı-Tiflis-Qars dəmiryolunun bu ilin axırında fəaliyyətə başlayacağına dair ümid yaradıb. Hazırda Türkiyənin sədrlik etdiyi G-20 təşkilatına bir ölkəni çağırmaq haqqından Azərbaycanın lehinə istifadə edilib; bu ilki G-20 sammitində Azərbaycan da iştirak edəcək. Və IV Şuranın bəlkə də dünyaya sürpriz olacaq qərarı aprelin 24-də Türkiyə ilə Azərbaycan Çanaqqala savaşındakı qələbənin 100 illiyini Çanaqqalada birlikdə qeyd etməyi planlaşdırmış olmalarıdır. Türkiyə o mərasimə dünyanın bir çox ölkəsini, o cümlədən, Ermənistanı da dəvət edibmiş. Ancaq “Radikal”dan Cengiz Çandarın da dediyi kimi (təbii ki, olaya öz prizmasından baxaraq; biz də öz prizmamızdan baxdıq, sualın mahiyyəti dəyişmədi), “Sarkisyanın bir 24 aprel günü Çanaqqalanı anma mərasimində yer alacağını, hər halda, heç kim təxmin etmir (yazı Sarkisyanın Çanaqqalaya gəlməyi rədd etməsinin elanından əvvəl yazılıb - M.Ə.). 15 yanvardakı mətbuat konfransında prezident Əliyev 3.5 il qabaq İzmirdə olduğu kimi, yenə özündən əmin və qərarlı danışdı; cənab Əliyevin dediklərindən anladıq ki, iqtisadi və siyasi sahədəki münasibətlərin inkişaf etdirilməsinin önündə heç bir əngəl yoxdur; 2020-ci ildə Azərbaycandan Türkiyəyə gələcək birbaşa investisiyanın həcmi 20 milyard dollara çıxacaq. Türkiyə ilə keçirilmiş müştərək hərbi təlim prezident Əliyevi xeyli ruhlandırıb, ona görə də 12 noyabrda əziz vətən torpaqlarının səmalarında vurulmuş erməni hərbi vertolyotunu örnək göstərərək, bundan sonra da Ermənistana haqq etdiyi cavabın veriləcəyini vurğuladı. 24 apreli Çanaqqalada qeyd etməyi isə cənab Əliyev “Türkiyənin müdrik qərarı” kimi xarakterizə edərək dəstəklədi...

 

 3. Bizim bu “real politics” olayı...

 

Hiper layihələri dəstəkləmək üçün gətirilən birbaşa investisiyalar Türkiyə və Azərbaycan kimi qardaşlığının dünyada əmsalı olmayan iki ölkənin münasibətini qardaşlıqdan da o tərəfə daşıyır; xüsusilə, 2010-cu ildən üzü bəri böyük ölçüdə prezident İlham Əliyevin vizyon və qərarlılığıyla buraya gətirilmiş birbaşa investisiyaların lokomotivliyində gəlişən münasibətlər “qardaşlıq” məfhumunun yanına “real siyasət” məfhumunu yaxşı mənada əlavə edir. Bu şəkildə ifadə etmək caizdirsə, Azərbaycan öz dil və din qardaşı üçün hər cür fədakarlığa qatlanmağı, riskə getməyi qəbul edirsə ,bundan sonrakı dönəmdə Türkiyə də ikitərəfli münasibətlərə sadəcə “qardaşlıq” prizmasından deyil, “real politika” pəncərəsindən baxmağı unutmamalidir. Bu, iki ölkə arasındakı güvən və etimad ortamının daha da dərinləşməsinə səbəb olacaq. “Real politika”dan nəsibini hamıdan əvvəl, Türkiyənin Bakıdakı keçmiş səfiri, XİN icra aparatı rəhbərinin keçmiş müavini, Ermənistanla 2008-2009-cu illərdə həyata keçirilməyə çalışılan “açılım” siyasətinin pərdə arxasındakı fəal aktyorlarından biri, təxminən 2 ay qabaq “Türkiyə  Ermənistan və Azərbaycana eyni məsafədə durmalıdır” - deyə yazı yazan Ünal Çeviköz almalıdır. Niyə? Çünki qardaşlığı bir tərəfə qoysaq (bunu, əlbəttə ki, şərti mənada deyirik), Cümhuriyyət Türkiyəsinə ən çox əcnəbi sərmayəni gətirmiş Azərbaycanla Türkiyədəki sərmayəsi böyük ehtimalla solda sıfır olan, ticarət dövriyyəsi üçüncü  ölkələr üzərindən həyata keçirilərək bir neçə  milyon dolları aşmayan Ermənistana qarşı eyni məsafədə durmasına dair təklifi  hər  bir ölkə kimi, qardaş Azərbaycanın da rədd etməyə tamamilə haqqı vardır.

 

Azərbaycanla Türkiyə arasında münasibətlərin bütün sahələrdə daha da dərinləşməsi prosesində “real politics” məfhumunun gündəmə gəlməsinə ehtiyac qalmayacağına inanırıq. Hər zaman olduğu kimi...

 

Mayis Əlizadə, APA Analitik Mərkəzi


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR