Bakı, 19 yanvar, AzərTAc
Ötən il “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 142 min ədəd smart-kart tipli su sayğacı quraşdırılıb. Quraşdırılmış sayğacların 134 min ədədi əhali, 8 min ədədi isə qeyri-əhali qrupunun payına düşür.
ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, hesabat dövründə Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə 93 min ədəd, regionlarda isə 49 min ədəd smart-kart sayğacı quraşdırılıb. Respublikanın şəhər və rayon mərkəzlərində yeni su və kanalizasiya layihələrinin icrası çərçivəsində bütün abunəçilər smart-kart sayğaclarla təmin olunur.
Ümumilikdə smart-kart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılan smart-kart sayğacların sayı 352 minə çatıb. Smart-kart sayğacların quraşdırılması əhali və qeyri-əhali qrupu abunəçiləri üçün paralel aparılır. İndiyə qədər quraşdırılmış sayğacların 320 min ədədi əhali, 32 min ədədi isə qeyri- əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artıb, eyni zamanda, həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunub.
Bu il yanvarın 1-nə olan məlumata görə “Azərsu” ASC üzrə abunəçilərin 750 mini və ya 57 faizi sayğaclarla təmin olunub. Əhali qrupu üzrə sayğaclaşma səviyyəsi 56 faiz, qeyri-əhali qrupu üzrə isə 77 faiz təşkil edir.
Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də bölgələrdə smart-kart sayğacların quraşdırılması davam etdirilir.
2014-cü ildə magistral xətlər üzərində 20 ədəd elektromaqnit zond tipli ABB, rayon su-kanal idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında 75 ədəd elektromaqnit fləns tipli KROHNE su sayğacları quraşdırılaraq istismara verilib.