İordaniyanın “Əl-Diyar” qəzeti Azərbaycan səfirinin 20 Yanvar faciəsi ilə bağlı müsahibəsini yayıb

İordaniyanın “Əl-Diyar” qəzeti Azərbaycan səfirinin 20 Yanvar faciəsi ilə bağlı müsahibəsini yayıb
17:38 19 Yanvar 2015
76 Ölkə
Ölkə mətbuatı
A- A+


Əmman, 19 yanvar, AzərTAc
İordaniyanın “Əl-Diyar” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Sabir Ağabəyovun 20 Yanvar faciəsi ilə bağlı müsahibəsi dərc edilib.
Məqalədə Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əməli qətiyyətlə pislənilir. Bildirilir ki, bu, Sovet İttifaqı rəhbərlərinin imperiyanı saxlamaq naminə öz xalqına qarşı törətdiyi ən qanlı cinayətlərdən biridir. Qanlı Yanvar gecəsi sovet tankları və qoşunu Bakı şəhərinə daxil olaraq günahsız insanlara hücum edib, uşaqlara, qadınlara və qocalara fərq qoymadan xeyli sayda insanı qətlə yetirib. Bu hadisələr zamanı 150-yə yaxın insan həlak olub, yüzlərlə dinc sakin yaralanıb, yüzlərlə insan həbs edilərək fiziki təzyiqə və işgəncələrə məruz qalıb. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə günü olan 1990-cı ilin 20 yanvarı tarixə həm də xalqımızın qəhrəmanlıq səhifəsi kimi düşüb.
Yazıda bildirilir ki, bu qanlı müdaxilədə məqsəd Azərbaycan xalqının müstəqillik arzusunu boğmaq və kommunist rejiminin məhvinin qarşısını almaq idi. Sovet rəhbərliyi bütün cəhdlərə baxmayaraq, xalqın azadlıq mübarizəsini dayandıra bilmədi və bu hadisədən cəmi iyirmi ay sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi. Qara Yanvar insanların mərdlik və mübarizlik nümunəsinə çevrildi. Həmin gündən 25 il keçməsinə baxmayaraq, hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanları böyük hörmət və ehtiramla anır.
Məqalədə, həmçinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qovulması, işğal faktının beynəlxalq ictimaiyyət tərəfindən tanınması, ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra dünyada qazandığı nüfuz, İordaniyanın və Azərbaycanın dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri və ikitərəfli əlaqələrin inkişafı, ölkəmizin keçdiyi inkişaf yolu və s. məsələlər haqqında söhbət açılır.
Yazıda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ərəb və İslam ölkələri tərəfindən verilən dəstəyin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılır.
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Əmman

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iordaniyanin_Al_Diyar_qezeti_Azerbaycan_sefirinin_20_Yanvar_faciesi_ile_bagli_musahibesini_yayib-825829

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR