Gülağa Aslanlı: "AXCP funksionerleri 2005 və 2010 -cu illəri unutmasınlar"

Gülağa Aslanlı: "AXCP funksionerleri 2005 və 2010 -cu illəri unutmasınlar"
17:44 19 Yanvar 2015
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı partiya başqanı Arif Hacılının AXCP sədri Əli Kərimli ilə görüşündən sonra AXCP funksionerlərinin Müsavat Partiyası ilə hər hansı bir əməkdaşlığın mümkünsüz olması barədə iddialarına münasibət bildirib.

 

 Aslanlı Lent.az-a açıqlamasında bildirib ki, Müsavat Partiyası 2015-ci il üçün istiqamətlər müəyyənləşdirib: “Həmin prioritet istiqamətlərdən biri də 2015-ci ilin parlament seçkiləri dövründə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ilə həmin seçkidə iştirakın formaları, seçki mühitinin yaradılması, seçki qanunvericiliyində dəyişikliklərin edilməsi istiqamətində müzakirələrin aparılması prioritet istiqamət kimi nəzərdə tutulub. Bu məsələlərlə bağlı Müsavat Partiyasının başqanı Azərbaycanda fəaliyyət göstərən müxalif siyasi partiyalara görüşmək, müzakirə aparmaq niyyəti olduğunu bildirib”.

 Gülağa Aslanlı həmçinin AXCP funksionerlərinin etirazına özünəməxsus şəkildə reaksiya verib və onları siyasətdə naşı adlandırıb:

“AXCP sədri Əli Kərimli ilə olan görüş də həmin görüşlərdən biridir. Onu da bilin ki, Müsavat Partiyası düz bildiyi yoldadır. Düz bildiyi yolda davam edəcək. Qaldı AXCP funksionerlərinin cavablarına isə, hələ ki, onların cavablarının heç birində Əli Kərimliyə istinad olunmur. Siyasətdə naşı adamlar bunu nəzərə alsınlar ki, 2005, 2010-cu seçki illərində də belə müzakirələr, etirazlar olub. Sonda isə nəticə Müsavat Partiyasının istəyinə uyğun olub. Bu, digər partiyaların da istəyinə uyğun olduğu üçün onlar bizimlə razılaşıblar”.

Xatırladaq ki, Müsavat Başqanı Arif Hacılının AXCP sədri Əli Kərimli ilə görüşündən sonra Əli Kərimlinin müavini Əbülfəz Qurbanlı və partiyanın mətbuat xidmətinin rəhbəri Natiq Ədilov bunun sadəcə köhnə tanışların bir görüşü olduğunu və Müsavatla hər hansı bir əməkdaşlığın müzakirə mövzusu olmadığını bildiriblər.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR