“Azərbaycanda “Qara yanvar”: müddəti olmayan cinayət”

“Azərbaycanda “Qara yanvar”: müddəti olmayan cinayət”
18:08 19 Yanvar 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+


Kiyev, 19 yanvar, AzərTAc
Ukraynanın Milli İnformasiya Agentliyi Ukrinform Azərbaycan xalqının Ümumxalq Hüzn Günü ərəfəsində - yanvarın 19-da öz rəsmi saytında “Azərbaycanda “Qara Yanvar”: müddəti olmayan cinayət” sərlövhəli məqalə yerləşdirib.
Materialın müəllifi – AzərTAc-ın Ukraynadakı xüsusi müxbiri Zeynal Ağazadə yazır ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan tarixinə azadlıq və müstəqillik uğrunda mübarizəyə qalxanlara qarşı törədilən amansız zorakılıq aktı kimi daxil olub.
Məqalədə sovet totalitar rejiminin 25 il əvvəl qoşunların köməyi ilə Azərbaycanın paytaxtında və digər şəhərlərində apardığı xüsusi cəza əməliyyatlarından, bu qorxunc aksiya nəticəsində dinc əhali arasında çoxsaylı qurbanlardan danışılır. Materialda deyilir ki, 1990-cı il yanvarın 20-nə keçən gecə Bakı küçələrində peyda olan tanklar və zirehli transportyorlar qarşıya çıxan hər kəsi və hər şeyi əzib keçiblər. Hərbçilər hərəkət edən nə varsa, hamısına atəş açıblar. Güllələr insanları küçələrdə, avtobuslarda, mənzillərdə biçib. Hətta yaralıları və tibb işçilərini daşıyan “təcili yardım” maşınlarına aman verilməyib.
İstiqlalsevər Azərbaycanın sovet rejiminə münasibətdə dönüş nöqtəsi də məhz ordu hissələri 1990-cı ilin yanvarında Bakıya yeridiləndə olub. 1990-cı il yanvarın 22-də Bakının demək olar bütün əhalisi faciə qurbanları ilə vidalaşmağa çıxıb. Onlar müstəqillik uğrunda mübarizənin qəhrəmanları kimi torpağa tapşırılıblar. Dəfn olunduqları park sonralar Şəhidlər xiyabanı adlandırılıb.
Məqalənin sonunda deyilir: “O vaxtdan etibarən azərbaycanlılar, digər millətlərin və xalqların nümayəndələri, o cümlədən etnik ukraynalılar hər il yanvarın 20-də - Ümumxalq Hüzn Günü adları qızıl hərflərlə ölkə salnaməsinə həkk edilən qəhrəmanların nurlu xatirəsini anmağa gəlirlər. Yanvar faciəsinin qurbanları Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq və mətinlik rəmzinə çevriliblər.
Materialın tam mətni və fotoşəkillərlə Ukrinformun saytında tanış ola bilərsiniz: http://www.ukrinform.ua/rus/news/cherniy_yanvar_v_azerbaydgane_prestuplenie_bez_sroka_davnosti_1703426

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR