Ötən il “ASAN Xidmət” mərkəzlərində 2 milyondan çox vətəndaşın müraciəti qeydə alınıb

18:17 19 Yanvar 2015
122 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 18:15 ]


Bakı. Fərid Mirzəyev - APA. “Yarandığı gündən bu yana “ASAN Xidmət” mərkəzlərinə 3 milyon 700 mindən artıq müraciət daxil olub”. Bunu APA-ya açıqlamasında “ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov deyib.


A.Hüseynov keçən il 2 milyon 500 min nəfərə yaxın vətəndaşın müraciətinin qeydə alındığını bildirib: “Ötən il aprelin 1-dən sentyabra qədər olan müddətdə regionlarda həyata keçirilən "Səyyar ASAN Xidmət" vasitəsilə 25 məntəqədə 30 rayonun ümumilikdə 60 minə yaxın sakininə xidmət göstərilib. Müqayisə üçün deyim ki, 2013-cü ildə 21 məntəqədə 37 rayonun 60 min sakininə tərəfimizdən xidmət olunub”.

 

A.Hüseynov prezident İlham Əliyevin 10 sentyabr 2014-cü il tarixli Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında fərmanın icrasına 20 sentyabrda Hacıqabul rayonundan başlandığını söyləyib: “Bu günə kimi 7 rayonda - Hacıqabul, Kürdəmir, Yevlax, Ağdaş, Ucar, Goranboy və Samuxda 6 min 500 nəfərdən çox müraciət qəbul olunub. Şəmkir, Tovuz, Ağstafa rayonlarında da vətəndaşlara xidmətlərin göstərilməsi nəzərdə tutulub. Yaxın günlərdə daha 2 avtobus regionlarda səyyar formada xidmətlərin göstərilməsi üçün istifadəyə veriləcək. Avtobusların sayının 10-a çatdırılması nəzərdə tutulub”.


A.Hüseynov keçən il dekabrın 15-də açılmış Sabirabad “ASAN Xidmət” mərkəzində bu il yanvarın 5-dən vətəndaşlara xidmət göstərilməyə başlandığını da əlavə edib: “Bu mərkəzdə Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan və Beyləqan rayonlarında qeydiyyatda olan ümumi sayı 900 minə yaxın vətəndaşa xidmət göstəriləcək”.

 

Sonda A.Hüseynov qeyd edib ki, 2015-ci ildə daha 3 rayonda Bərdə, Masallı və Qəbələdə “ASAN Xidmət” mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub: “Bu mərkəzlərdə ətraf rayonların sakinlərinə müvafiq xidmətlərin göstərilməsi təmin olunacaq”.

 

Qeyd edək ki, ilk “ASAN Xidmət” mərkəzi 15 yanvar 2013-cü il tarixində fəaliyyətə başlayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR