20 Yanvar qətliamı ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq üçün işçi qrupu yaradıldı (FOTO)

20 Yanvar qətliamı ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq üçün işçi qrupu yaradıldı (FOTO)
18:18 19 Yanvar 2015
101 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan toplantı keçirib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müzakirələri açan Şura sədri, millət vəkili Azay Quliyev 20 Yanvar hadisəsinin xalqımızın totalitar Sovet rejiminə qarşı qəhrəmanlıq mübarizəsinin simvolu olduğunu deyib. A.Quliyev Azərbaycan xalqının 20 Yanvar günü göstərdiyi şücaətlə bütün dünyaya müstəqilik uğrunda apardığı haqq davasında nə qədər qərarlı olduğunu göstərdiyini bildirib. 1989-cu ilin 9 noyabrında Berlin divarlarının sökülməsinə ilk böyük dəstəyi Azərbaycan xalqının verdiyini deyən Şura sədri, 20 Yanvar qətliamından sonra kommunist rejiminin dağılmasının qarşısıalınmaz prosesə çevrildiyini, ancaq beynəlxalq ictimaiyyətin onu hələ də yetərincə dəyərləndirmədiyini qeyd edib. A.Quliyev bugünkü tədbirin keçirilməsində məqsədin vətəndaş cəmiyyəti institutlarının 20 Yanvar hadisəsi ilə bağlı fikirlərinin cəmləşdirilməsi və beynəlxalq ictimaiyyətə müraciətin qəbul edilməsi olduğunu vurğulayıb.

Toplantıda məruzə ilə çıxış edən MQF-nin prezidenti Rauf Zeyni 1990-cı ilin 20 Yanvar hadisəsini doğuran səbəblərdən danışaraq ölkədəki o zamankı ictimai-siyasi vəziyyəti xronoloji ardıcıllıqla təhlil edib.

Milli Jurnalistika Konqresinin sədri, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu 20 Yanvar hadisəsinin xalqımız üçün unudulmaz tarixi hadisə və eyni zamanda qəhrəmanlıq nümunəsi olduğunu deyib. N.Yaqublu Azərbaycanın müstəqilliyini bərpa etməsində müstəsna rolu olan 20 Yanvar şəhidlərinin tarixdəki rolunun düzgün qiymətləndirilməsi və daim diqqətdə saxlanılması üçün orta məktəblərin tarix dərsliklərində həmin şəxslərə xüsusi yer ayırılmasının vacibliyini vurğulayıb.

Məruzələr ətrafında Tənzilə Rüstəmxanlı, Məhərrəm Zülfüqarlı, Azər Həsrət, Əliməmməd Nuriyev, İradə Yaqubova, Nazim Əhmədli, Qəmzə Yusifova, Xanım Əhmədzadə, Niyaməddin Orduxanlı, Emin Həsənli, Mahirə Əmirhüseynova, Sevda Tahirli, Çingiz Bayramov, Xanoğlan Əliyev və digər QHT rəhbərləri çıxış edərək 20 Yanvar qətliamına beynəlxalq ictimaiyyətdən ədalətli münasibət gözlədiklərini deyiblər.

Müzakirələr nəticəsində 20 Yanvar hadisəsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq üçün QHT-lərdən ibarət işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib. İşçi qrupunun sədri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin rəhbəri Şahin İsmayılov, üzvləri isə tanınmış QHT rəhbərləri Rauf Zeyni, Sənan Nəcəfov, Mahirə Əmirhüseynova, Məhərrəm Zülfüqarlı, Niyaməddin Orduxanlı, Mais Əliyev, Mehriban Abdullayeva, Azər Həsrət, Xanım Əhmədzadə, Asif Əsgərov, Sevda Tahirli, Məhluqə Rəhimova¸ Nəriman Abbasov, Çingiz Bayramov və Venera Əsgərova seçilib. İşçi qrupun ilk iclasında 20 Yanvar hadisəsinin beynəlxalq ictimaiyyətə tanıdılması üçün müvafiq petisiyanın təşkil edilməsi haqqında razılıq əldə edilib.

Toplantının sonunda QHT-lər 20 Yanvar qətliamı ilə bağlı dünya ictimaiyyətinə ünvanlanan müraciət qəbul edib.

Müraciətdə qeyd olunur: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliam nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib. Keçmiş SSRİ rəhbərliyinin törətdiyi bu ağır cinayətin məqsədi dövlət müstəqilliyinin bərpası uğrunda mübarizəyə qalxmış xalqımızın milli azadlıq hərəkatını susdurmaq idi.

Dinc əhaliyə qarşı kütləvi qırğının təşklində bilavasitə məsuliyyət daşıyan Sov.İKP-nin baş katibi M.S.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan Konstitusiyasının isə 71-ci maddələrini kobud şəkildə pozaraq ölkə ərazisində heç bir ehtiyac olmadan fövqəladə vəziyyət elan etmişdi. Bu haqda məlumat isə respublika əhalisinə faciə törədildikdən sonra – yanvarın 20-də səhər saat 7-də bildirilmişdi. Təəssüflər ki, M.S.Qorbaçov və onun ətrafındakılar törətdiyi bu bəşəri cinayətə görə indiyədək cəzasız qalmışdır.

20 Yanvar hadisəsi xalqımız üçün unudulmaz faciə olsa da, eyni zamanda bir qəhrəmanlıq nümunəsidir. Çünki 20 Yanvar şəhidləri canları bahasına 70 illik sovet imperiyasının süqutunun əsasını qoydular. 1989-cu ilin 9 noyabrında Berlin divarlarının sökülməsinə ilk dəstəyi Azərbaycan xalqı verdi. Almaniyanın birləşməsinin qarşısını ala bilməyən SSRİ rəhbərliyi kommunist rejiminin ömrünü Bakıya qoşun yeritmək və milli azadlıq hərəkatını yatırmaqla uzatmağa çalışırdı. Ancaq Azərbaycan xalqının qəhrəmanlığı nəticəsində SSRİ rəhbərliyi bu niyyətini gerçəkləşdirə bilmədi. 20 Yanvar qətliamından sonra SSRİ-yə olan inam tamamilə itdi və Azərbaycanın müstəqilliyi uğrunda hərəkat daha geniş vüsət aldı.

Məhz 20 Yanvar hadisəsindən sonra sovet rejiminin dağılması qarşısıalınmaz prosesə çevrildi. 70 ilə yaxın ayrı-ayrı xalqları əsarəti altında saxlayan sovet imperiyasından qurtulmaq uğrunda mübarizənin yeni mərhələsi başladı və SSRİ–nin tərkibində olan digər millətlərin də azadlıq mücadiləsinə təkan verdi. Şərqi Avropa ölkələrindən qırmızı ordunun qovularaq çıxarılması prosesi sürətləndi. Onların bu mübarizəsi xalqımızın azadlıq və müstəqillik tələbini bir daha dünya ictimaiyyətinə çatdırmış oldu.

Çox keçmədi ki, xalqımızın şərəfli mübarizəsi bəhrəsini verdi və 1991-ci ilin 18 oktyabrında uzun illərdən sonra dövlət müstəqilliyimiz yenidən bərpa edildi. XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpasında 20 Yanvar şəhidlərinin müstəsna rolu var.

SSRİ-nin 1956-cı ildə Budapeştə, 1968-ci ildə Praqaya qoşun yeritməsi faktına beynəlxalq ictimaiyyətin göstərdiyi münasibət 20 yanvar 1990-cı ildə Bakıya ordu göndərərək dinc vətəndaşları qətlə yetirməsi hadisəsinə də gec də olsa şamil olunmalıdır.

Biz, Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları olaraq 20 Yanvar qətliamının 25 illiyi ilə bağlı dünya ictimaiyyətinə müraciət edərək günahsız insanları qətlə yetirənlərin cinayət məsuliyyətinə cəlb edilməsini, onların beynəlxalq məhkəmədə mühakimə olunmasını tələb edirik. Eyni zamanda xalqımızın Sovet İttifaqının çökməsinə və bu ona daxil olan respublikaların dövlət müstəqilliyi əldə etməsinə verdiyi böyük töhfənin layiqincə qiymətləndirilməsini istəyirik".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR