Akademik Zərifə Əliyeva adına Ukrayna Beynəlxalq Elmi-Tibbi Mərkəzinin nümayəndə heyəti Bakıda olub

Akademik Zərifə Əliyeva adına Ukrayna Beynəlxalq Elmi-Tibbi Mərkəzinin nümayəndə heyəti Bakıda olub
18:23 19 Yanvar 2015
183 Ölkə
Ölkə mətbuatı
A- A+


Kiyev, 19 yanvar, AzərTAc
Akademik Zərifə Əliyeva adına Ukrayna Beynəlxalq Elmi-Tibbi Mərkəzinin nümayəndə heyəti Azərbaycan paytaxtına səfərdən Kiyevə qayıdıb. Nümayəndə heyətinə Mərkəzin rəhbəri, tibb elmləri doktoru, professor Aydın Salmanov və icraçı direktor Emil Salmanov daxil idi. Səfər Azərbaycan Səhiyyə Nazirliyinin dəvəti ilə ölkəmizin Ukraynadakı səfirliyi tərəfindən təşkil edilmişdi.
Nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Azərbaycan səhiyyə nazirinin müavini Abbas Vəlibəyovla görüşüblər. Görüşdə elm, təhsil və səhiyyə sahəsində əməkdaşlığın perspektivləri, habelə Azərbaycan, Ukrayna və başqa ölkələrin alimlərinin iştirakı ilə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib. Qeyd olunub ki, təbabət sahəsində Azərbaycan-Ukrayna və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində böyük potensial vardır və tərəflər bu potensialı gerçəkləşdirməyə hazırdırlar.
Aydın Salmanov görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın nurlu xatirəsinə həsr etdiyi üç kitabını nazir müavininə təqdim edib. Azərbaycan xalqının bu şanlı qızının xatirəsinə həsr edilmiş beynəlxalq elmi-praktiki konfransın materialları da Səhiyyə Nazirliyinə təqdim olunub.
Görüşün yekunlarına əsasən müştərək layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum layihəsinin müzakirəsini davam etdirmək və razılaşdırmaq qərara alınıb.
Akademik Zərifə Əliyeva adına Ukrayna Beynəlxalq Elmi-Tibbi Mərkəzinin nümayəndə heyəti Bakıda olduğu müddətdə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, akademik Əhliman Əmiraslanovla, ölkəmizin tibbi profilli bir sıra elmi-tədqiqat müəssisələrinin və aparıcı klinikalarının rəhbərləri ilə də görüşlər keçirib. Bu görüşlərdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunda olub, akademik Zərifə Əliyevanın xatir\əsinə həsr olunmuş üç kitabı Fonda təqdim ediblər. Görüşdə birgə layihələrin həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında razılaşma əldə edilib.
Professor Aydın Salmanov AzərTAc-a müsahibəsində vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycanda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük diqqət yetirir, bunun nəticəsində ölkədə ən müasir avadanlıqlar və aparatlarla təchiz olunmuş tibbi mərkəzlərin tikintisi genişlənir və sürətlənir. Beləliklə, əhaliyə ən yüksək dünya standartları səviyyəsində keyfiyyətli tibbi xidmət üçün zəruri şərait yaradılır.
Professor qeyd edib ki, tibbi müəssisələrin müasir müalicə-diaqnostika avadanlığı və yüksək texnologiyalarla təmin edilməsi sahəsində Azərbaycanın uğurları fantastik təsir bağışlayır. A.Salmanov vurğulayıb: “Mən qəti əminəm: Azərbaycan dünyada yeganə ölkədir ki, nəinki paytaxtda, həmçinin regionlarda da yeni, təmir edilmiş və ya müasirləşdirilmiş tibbi müəssisələrin açılışında prezidentin şəxsən iştirakı ənənəyə çevrilib. Bu müəssisələrin hər birində əhaliyə keyfiyyətli tibbi xidmətlər göstərilməsi üçün hər cür şərait var. Bütün bunlar təbabət sahəsində uğurla həyata keçirilmiş islahatın nəticəsidir və həm Ukraynada, həm də dünyanın başqa ölkələrində bu profil üzrə sanballı dəyişikliklərin həyata keçirilməsində bu qiymətli təcrübədən istifadə edilə bilər”.
Zeynal Ağazadə,
AzərTAc-ın xüsusi müxbiri
Kiyev


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akademik_Zerife_Aliyeva_adina_Ukrayna_Beynelxalq_Elmi_Tibbi_Merkezinin_numayende_heyeti_Bakida_olub-825858

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR