“Avropa Şurası o səviyyədə deyil ki, Azərbaycana diktə eləsin” - MÜSAHİBƏ

“Avropa Şurası o səviyyədə deyil ki, Azərbaycana diktə eləsin” - MÜSAHİBƏ
18:24 19 Yanvar 2015
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa ŞurasıParlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun APA-ya müsahibəsi

 

- Son vaxtlar Qərbdəki bəzi dairələrin Azərbaycanın ünvanına tənqidləri artıb. Hətta AŞPA-nın qış sessiyasında Azərbaycanla bağlı dinləmələrin keçiriləcəyini iddia edənlər var. Bu barədə nə deyə bilərsiniz?

 

AŞPA-nın hər sessiyası ərəfəsində süni şəkildə gərginlik artırılır. Azərbaycan-Avropa Şurası münasibətləri haqqında onu deyim ki, Azərbaycana hansısa bir təzyiq olanda biz dərhal mövqeyimizi bildiririk. Növbəti sessiyada da istisna deyil ki, Azərbaycana qarşı addımlar atan olacaq. Sözsüz ki, biz də öz sözümüzü deyəcəyik. Amma bu gün Avropa Şurası o səviyyədə deyil ki, Azərbaycana hansısa bir məsələni diktə eləsin. Avropa Şurası öz müqəddəratı və öz gələcəyi haqqında daha çox düşünməlidir, nəinki Azərbaycanda gedən hansısa proseslər barədə... Hazırkı vəziyyətə istinadən onu deyə bilərəm ki, rəsmi olaraq AŞPA-nın gündəliyində Azərbaycanla bağlı hansısa məsələ yoxdur.

 

- Bəs sessiyanın gedişində Azərbaycanla bağlı siz tərəfdən hansısa məsələ qaldırılacaqmı?

 

- Əlbəttə. Azərbaycanla bağlı məsələ olsa, onu ancaq biz qaldıracağıq. Bu da işğal olunmuş ərazilərimiz, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq. Hazırda cəbhə bölgəsində yaranmış vəziyyət, ermənilərin tez-tez törətdikləri təxribatlar barədə məsələ qaldırılacaq. Dağlıq Qarabağ üzrə və Sərsəng su anbarı üzrə təyin olunmuş məruzəçilərlə, eləcə də digər rəsmi şəxslərlə görüşlərimiz olacaq. Biz eyni zamanda tolerantlıqla bağlı məsələləri də qaldırıb, onlara göstərəcəyik ki, sizin hələ də həllini tapa bilmədiyiniz məsələni biz çoxdan həll etmişik. Əgər hansısa ölkənin nümayəndəsi Azərbaycanla bağlı kəskin məsələ qaldıracaqsa, biz dərhal ona cavab verəcəyik.

 

- Bu yaxınlarda Azərbaycan hüquq-mühafizə orqanlarında çalışan bir sıra yüksək çinli məmurlara qarşı sanksiyaların tətbiq olunması barədə xəbər yayıldı və siyahı dərc olundu. Sonradan bu, rəsmən təkzib olunsa da, belə bir siyahının doğrudan da hazırlandığı iddia edilir...

 

- Biz dəfələrlə demişik ki, həmin dairələrin məqsədi Azərbaycanla bağlı pis fikir formalaşdırmaqdır. Bu gün dünya tamamilə başqa problemlərlə məşğul olur. Avropada hazırda gedən proseslər Avropanın özünün müqəddəratını və taleyini şübhə altında qoyur. Bəzi qüvvələr, qurumlar süni şəkildə Azərbaycana qarşı hansısa tədbirlərin görülməsinin tərəfdarıdır, onlar öz fikirlərini başqalarına da yaymaq istəyirlər. Əslində Avropa Azərbaycanla əməkdaşlıqda həddindən artıq maraqlıdır. Çünki Avropanın həll edə bilmədiyi məsələni Azərbaycan burada həll edir. Avropa bu gün çaş-baş qalıb, xristian, müsəlman və yəhudi icmaları arasında birlik tapa bilmir, bununla bağlı suallar qarşısında acizdir. Bu gün Almaniyada mitinqlərə qadağa qoyublar, Fransada sosial şəbəkədə yazılan yazıya görə insanlar həbs olunur, Böyük Britaniya sərhədlərini bağlamaq qərarına gəlib və sair... İndi görürsünüz ki, orada hansı hadisələr baş verir? Biz onlara deyirik ki, siz vaxtında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartlar olmadan, gecikmədən mövqeyinizi ortaya qoysaydınız, bu gün sizin nə icmalararası probleminiz olardı, nə Ukraynadakı problemlər, nə da hansısa terror aktları baş verərdi. Vaxtında proseslərə düzgün qiymət verilsəydi, Avropa bu gün başqa ölkələr, başqa icmalar üçün birlik nümunəsinə çevrilərdi. Amma bu gün Avropada gedən proseslər onu nəinki cazibədar nümunəyə çevirir, əksinə, Avropadan qaçma meyllərini formalaşdıran tendensiya yaradır. Bütün bunlara rəğmən Avropa bu gün Azərbaycanla bağlı mənfi nəsə etsə, özü özünə etmiş olacaq. Bunu mən tam məsuliyyətlə deyirəm. Avropa bu gün oturub düşünməlidir ki, indiyə qədər “Şərq tərəfdaşlığı”, Avropa Birliyi, Avropa Şurası çərçivəsində apardığı siyasət niyə müsbət nəticələr vermədi? Deməli, siyasətlərində ciddi korrektəyə ehtiyac var.

 

Azərbaycanın apardığı siyasət isə ölkəni yüksək pillələrə qaldırıb. Azərbaycanın mövqeyi ilə hesablaşırlar, bizdən nümunə götürürlər. Ona görə də bəzi bizi istəməyən həm daxili, həm də xarici qüvvələr təzyiq göstərməyə çalışırlar. Amma bu təzyiqlərin nəticəsində zərər çəkən Azərbaycan yox, təzyiq göstərənlər özləri olacaqlar.

 

- Azərbaycan və ABŞ arasında da son vaxtlar problemlər və qarşılıqlı ittihamlar müşahidə olunur. Demək olarmı ki, iki ölkə arasında münasibətlərin səviyyəsi artıq dəyişir?

 

- Dünyanın bəlkə də ən aparıcı ölkəsi olan ABŞ-ı nəzərdə tutaraq deyirik ki, Azərbaycan artıq 15 il bundan əvvəlki Azərbaycan deyil. Azərbaycan qüdrətli, güclü və ən əsası, millətin maraqlarını yüksək səviyyədə həyata keçirən dövlətdir. Azərbaycan hansısa ölkələrin maraqlarını ödəmək yox, hər şeydən əvvəl öz xalqının maraqlarını ödəməyi əsas götürür. Hansısa ölkə Azərbaycanda öz maraqlarını xalqdan üstün tutaraq tətbiq etmək istəyəcəksə, bu, mümkün olmayacaq. Bunu birdəfəlik dərk etmək lazımdır. Söhbət ondan gedir ki, Azərbaycan apardığı siyasətlə xalqı və ölkəni yüksək pillələrə gətirib çıxarıb və bu düzgün siyasət xalqa xidmət edir. İndi bu, kimi və niyə narahat edir? Bizim yeganə tələbimiz odur ki, əməkdaşlıqda Azərbaycanın da maraqları nəzərə alınsın. Azərbaycanla hesablaşmaq lazımdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR