Azərbaycan səfiri İordaniyanın "əl-Diyar" qəzetinə 20 Yanvar faciəsi ilə bağlı müsahibə verib

Azərbaycan səfiri İordaniyanın "əl-Diyar" qəzetinə 20 Yanvar faciəsi ilə bağlı müsahibə verib
18:28 19 Yanvar 2015
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

2015-ci 19 yanvar tarixində İordaniyanın “əl-Diyar” qəzetində Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyovun 20 Yanvar faciəsi ilə bağlı verdiyi müsahibə dərc edilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, müsahibədə səfir tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əməli qətiyyətlə pislənilir və bildirilir ki, bu, Sovet İttifaqı rəhbərlərinin imperiyanı saxlamaq naminə öz xalqına qarşı törətdiyi ən qanlı cinayətlərdən biridir. “Qanlı Yanvar” gecəsi sovet tankları və qoşunu Bakı şəhərinə daxil olub, günahsız insanlara hücum edərək, uşaqlara, qadınlara və qocalara fərq qoymadan xeyli sayda insanı qətlə yetirib. Bu qanlı hadisələr zamanı təxminən yüzlərlə dinc sakin yaralanıb, yüzlərlə insan həbs edilərək fiziki təzyiqə və işgəncələrə məruz qalıb. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə günü olan 1990-cı ilin 20 yanvarı tarixə həm də Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi kimi düşüb.

Yazıda bildirilir ki, bu qanlı müdaxilədə məqsəd Azərbaycan xalqının müstəqillik arzusunu boğmaq və kommunist rejiminin məhvinin qarşısını almaq idi. Sovet rəhbərliyi bütün cəhdlərə baxmayaraq, xalqın azadlıq mübarizəsini dayandıra bilmədi və bu hadisədən cəmi iyirmi ay sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi. “Qanlı Yanvar”dan 25 il keçməsinə baxmayaraq, hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanları böyük hörmət və ehtiramla anır.

Məqalədə, həmçinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, 1 milyondan çox həmvətənimizin öz doğma torpaqlarından qovulması, ölkəmizin müstəqillik əldə etməsindən sonra dünyada qazandığı nüfuzu, İordaniya və Azərbaycanın dövlət başçıları arasındakı səmimi dostluq münasibətləri və İordaniya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişafı, ölkəmizin keçdiyi inkişaf yolu haqqında bəhs edilir.

Yazıda Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə ərəb və İslam ölkələri tərəfindən verilən dəstəyin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR