Ombudsmanın Şəki Regional Mərkəzi maarifləndirmə tədbirləri keçirib

18:28 19 Yanvar 2015
121 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şəki Regional Mərkəzinin əməkdaşları tərəfindən 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma tədbirləri keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Şəki rayonunun Baş Şabalıd, Qaxın Turaclı və Zaqatalanın Aşağı Tala kəndlərində təşkil edilən və yerli icra, özünüidarəetmə orqanları əməkdaşlarının, o cümlədən sakinlərin iştirak etdikləri bu tədbirlərdə faciənin mahiyyəti, başvermə səbəbləri açıqlanıb.
Regional mərkəzin rəhbəri Pərviz Məmmədov çıxış edərək, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet ordusunun hərbi hissələri və zirehli texnikasının erməni əsilli zabitlər də cəlb edilməklə Bakı və Sumqayıt şəhərlərinə, habelə respublikanın bir neçə rayonuna yeridildiyini, təcavüz nəticəsində yüzlərlə silahsız mülki şəxsin öldürüldüyünü, yaralandığını, itkin düşdüyünü, qanunsuz həbs edildiyini vurğulayıb.
Tədbirlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən həmin tarixin Ümumxalq Hüzn Günü elan edildiyi, ölkədə bu faciəyə siyasi-hüquqi qiymət verildiyi, lakin insanlıq əleyhinə törədilmiş bu cinayətə indiyədək beynəlxalq hüquqi qiymətin verilmədiyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, bu faciə Azərbaycan xalqına qarşı silsilə terror aktları sırasında ən ağır zərbələrdən biri olub, keçmiş Sovet hakimiyyəti bu cinayətlə Ermənistanın azğınlaşmış siyasi qüvvələrinə dəstək verib. Nəticədə Azərbaycana qarşı həyata keçirilən uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, silsilə soyqırımı aktları törədilib, torpaqlarımızın 20 faizi zəbt edilib, Dağlıq Qarabağ və ətraf rayonlardan əhali zorla qovulub, soydaşlarımızın bir milyon nəfəri öz doğma yurdunda qaçqın və məcburi köçkünə çevrilib.
Maarifləndirmə tədbirlərində, həmçinin ölkə Ombudsmanının bu günlərdə dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına ünvanladığı bəyanatında bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verilməsinin zəruriliyinin əks olunduğu, müqəssirlərin cəzalandırılmasının tələb edildiyi iştirakçıların diqqətinə çatdırılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ombudsmanin_Seki_Regional_Merkezi_maariflendirme_tedbirleri_kechirib-825861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR