20 Yanvar şəhidlərinin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq

18:38 19 Yanvar 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan kitab sərgisi və “Azərbaycan tarixinin qanlı səhifəsi” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət və insanların vəhşicəsinə qətlə yetirilməsi barədə danışıb. AAK-ın sədri bildirib ki, həmin tarixi gecə Azərbaycan xalqı yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bir daha bəyan etdi.
Akademik Arif Mehdiyev o zaman Moskvada yaşayan, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdiyini, faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini, hərbçilərin dinc əhaliyə divan tutmasına və xalqımıza qarşı törədilmiş tarixi cinayətə kəskin münasibət bildirdiyini diqqətə çatdırıb.
Konfransda AAK sədrinin müavini Vəli Hüseynovun “20 Yanvar - Azərbaycan xalqına qarşı yönəlmiş misli görünməmiş cinayət” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi 20 Yanvar faciəsinin başvermə səbəblərindən, həmin günün Azərbaycan tarixində tutduğu yerdən, o zaman törədilmiş cinayətlərdən, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsindən, onların ailə üzvlərinə göstərilən dövlət qayğısından danışıb.
Konfransda AAK-ın baş elmi katibi Arif Quliyev, AAK-ın şöbə müdiri Rafail Əhmədli və başqaları çıxış edərək bildiriblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Vətənin qəhrəman övladları öz qanları ilə Azərbaycan tarixinin şərəfli və müqəddəs səhifəsini yazıblar. Müstəqilliyimizin bərpası uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Sonra 20 Yanvar faciəsinə həsr olunan sənədli film nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_sehidlerinin_eziz_xatiresi_xalqimizin_qelbinde_daim_yasayacaq-825867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR