“N” saylı hərbi hissədə anma mərasimi

“N” saylı hərbi hissədə anma mərasimi
18:43 19 Yanvar 2015
302 Ölkə
Ölkə mətbuatı
A- A+


Qəbələ, 19 yanvar (AzərTAc).
Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar tədbir keçirilib.
AzərTAc xəbər verir ki, Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə hərbi hissədə yaradılan 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş guşəyə baxıblar.
Tədbirdə Azərbaycanın Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 1990-cı il yanvarın 20-də Bakıda xalqımıza qarşı törədilən terror hadisələri barədə məlumat verib, bu faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələr haqqında danışıblar. Qeyd edilib ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda törədilən qanlı cinayətə öz etirazını bildirib. Bu faciəyə məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Anma mərasimində hərbi hissənin, gənclər və idman idarəsinin, rayon təhsil şöbəsinin məsul işçiləri çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsində şəhid olan soydaşlarımızın xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini bildiriblər.
Hərbi hissənin əsgərləri 20 Yanvar faciəsinə həsr edilən şeirlər söyləyiblər.
Tədbir Qəbələ şəhər 4 saylı tam orta məktəbi şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Sonda 20 Yanvar gecəsi Bakıda baş verən hadisələri əks etdirən sənədli film nümayiş olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR