Oqtay Əsədov: “Biz Qarabağ probleminin sülh yolu ilə ədalətli həllinə tərəfdarıq”

18:47 19 Yanvar 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 18:41 ]

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Yaponiya Xarici İşlər Nazirliyinin dövlət naziri Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə O. Əsədov Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.

 

O qeyd edib ki, Heydər Əliyevin vaxtilə gündoğar ölkəyə səfərindən sonra münasibətlərimizdə böyük dönüş yaranıb: “2006-cı ildə isə prezident İlham Əliyevin bu ölkəyə səfəri zamanı aparılan danışıqlar əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə zəmin yaradıb. Biz hələ 1993-cü ildə Yaponiya hökumətinin ölkəmizə 1 milyon dollar məbləğində humanitar yardımını məmnunluqla xatırlayırıq. Təqdirəlayiq haldır ki, son illər münasibətlərimiz yüksələn xətlə inkişaf etməkdədir. Bu günədək  ölkələrimiz arasında 17 sənəd imzalanıb, 22 sənəd isə baxılmaq üzrədir”.

 

O. Əsədov bildirib ki, Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsinin həcmində müsbət dinamika mövcuddur: “Bu sahədə iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyətini müsbət dəyərləndiririk. Bu gün Azərbaycan Cənubi Qafqazda iqtisadi göstəricilərinə görə lider dövlətdir. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi neft və qaz kəmərlərinin fəaliyyəti, TRASEKA - Qədim İpək yolunun bərpası üzrə görülən işlər, Bakı-Tiflis-Qars dəmiryolu xəttinin çəkilişi ölkəmizin bölgədə günbəgün artan nüfuzundan xəbər verir. Biz Yaponiyanın BMT-nin Təhlükəsizlik Şurasına Azərbaycanın qeyri-daimi üzv seçilməsi məsələsində göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. İnanırıq ki, gələcəkdə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığımız davam etdiriləcək”.

 

Milli Məclisin sədri həmçinin qeyd edib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var: “Biz bu məsələnin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinə tərəfdarıq”.

 

Görüşdə parlamentlərarası əlaqələrdən söz açan spiker hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini önəmli hesab edib. Bildirilib ki, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi  baxımından çox əhəmiyyətlidir.

 

Öz növbəsində M. Kiuçi bildirib ki, Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi qlobal layihələr və ölkənin sürətli inkişafı yaponların Cənubi Qafqazın bu bölgəsinə marağını daha da artırıb. 

 

Qeyd edilib ki, parlamentlərarası əlaqələrimizin inkişafı dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə öz layiqli töhfəsini verə bilər. Söhbət zamanı siyasi, iqtisadi, mədəni, elm, təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR