Şəhidlərimizin mübarizə əzmi bugünkü gənclik üçün örnəkdir

Şəhidlərimizin mübarizə əzmi bugünkü gənclik üçün örnəkdir
19:13 19 Yanvar 2015
129 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzində tariximizə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş anma mərasimi keçirilib.
Şəki Regional Elmi Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru, dosent Yusif Şükürlü 1990-cı ilin yanvarında sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən söz açıb.
Bildirilib ki, qanlı 20 Yanvar gecəsində təpədən dırnağadək silahlanmış Sovet ordusu xalqımızın azadlıq mübarizəsini qıra bilmədi. Məhz həmin gecənin sayəsində xalqımız azadlığına qovuşdu.
Direktor deyib ki, həmin günlərdə ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək hadisəyə qarşı kəskin etirazını bildirib. 20 Yanvar hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymət də məhz Ümummilli Liderin təşəbbüsü ilə verilib.
Tədbirdə pedaqogika elmləri doktoru Firədun İbrahimov 1990-cı il 20 Yanvar gününün xalqımızın azadlığı uğrunda çarpışanların tarixi olduğunu söyləyib. O, bildirib ki, faciədən 25 il keçməsinə baxmayaraq, şəhid olanlar yaddaşlarda silinməz iz buraxıblar. Onların mübarizə əzmi bugünkü gəncliyimiz üçün örnəkdir. O illərin qaranlıq səhifələri zaman keçdikcə aydınlaşır. Yüz illərdir ki, erməni hiyləgərliyi, xəyanəti xalqımız üçün böyük bəlaya çevrilib. Elm adamları, ziyalılar daim xalqın önündə olmalı, erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmalıdırlar. 20 Yanvar faciəsi son dövrlərin ən qanlı hadisələrindən biridir. Lakin bu gün həm də xalqımızın qan yaddaşında şərəfli mübarizə günüdür.
Mərkəzin elmi işlər üzrə direktor müavini, geologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov və başqaları qanlı 20 Yanvar faciəsinin
keçmiş Sovet imperiyası tərəfindən düşünülmüş şəkildə həyata keçirildiyini vurğulayaraq, azadlıq arzusunda olan insanların qəddarcasına qətlə yetirilmələrindən söz açıblar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR