Azərbaycan xalqının milli azadlıq hərəkatı tarixinin şanlı səhifəsi

19:18 19 Yanvar 2015
787 Ölkə
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 19 yanvar, AzərTAc
Mingəçevir Turizm Kollecində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
AzərTAc xəbər verir ki, kollecin Heydər Əliyev İdeoloji Mərkəzində keçirilən “20 Yanvar Azərbaycan xalqının milli azadlıq hərəkatı tarixinin şanlı səhifəsidir” mövzusunda elmi-nəzəri konfransda təhsil ocağının direktoru, professor Əyyub Əyyubov çıxış edərək 1990-ci il yanvarın 20-də baş verən hadisələrin xalqımızın qəhrəmanlıq tarixinin şərəfli səhifəsi olduğunu vurğulayıb. Şəhidlərimizin xatirəsinin daim ehtiramla anıldığını qeyd edən direktor ulu öndər Heydər Əliyevin həmin faciəli günlərdə xalqı ilə birgə olduğunu və Sovet ordusunun törətdiyi terror hadisələrinə qəti etirazını bildirdiyini diqqətə çatdırıb.
Konfransda “20 Yanvar faciəsini doğuran səbəblər”, “1990-cı ilin yanvarında Sovet ordu birləşmələrinin Bakı şəhərinə hücumu və onun qanlı nəticələri”, “20 Yanvar şəhidləri haqq-ədalətin müdafiəsi uğrunda canlarını qurban verdilər”, “Ulu öndər Heydər Əliyevin qanlı aksiyaya sərt etirazı və xalqımızın haqq səsinin dünyaya yayılması”, “20 Yanvar şəhidlərinin xatirəsi tarixi yaddaşımızda xüsusi yer tutur” mövzularında məruzələr dinlənilib.
Mərasimdə kollecin tələbələri tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya nümayiş etdirilib, tələbələrə faciəni əks etdirən kitablar, jurnallar və bukletlər paylanılıb. Sonda 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş etdirilib.
Xatırladaq ki, kollecin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, 20 Yanvar faciəsinin növbəti ildönümü ilə bağlı tələbələr arasında inşa müsabiqəsi keçirilib, divar qəzetləri hazırlanıb, xüsusi dərslər təşkil edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_xalqinin_milli_azadliq_herekati_tarixinin_sanli_sehifesi-825884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR