20 Yanvar Azərbaycan xalqının tarixinə şanlı səhifə kimi yazılıb

19:48 19 Yanvar 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yanvarın 19-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi, Bakı qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlərinin iştirakı ilə xatirə mərasimi təşkil olunub.
Tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan xalqının tarixinə qanlı və şanlı səhifə kimi yazılmış 1990-cı ilin 20 Yanvar hadisələrindən danışaraq qeyd edib ki, 25 il əvvəl xalqımıza qarşı misli-bərabəri olmayan dəhşətli cinayət həyata keçirilib, günahsız insanların qanı tökülüb. O vaxtlar qürbətdə yaşayan ümummilli lider Heydər Əliyev ilk olaraq mərkəzin bu işğalçı hərəkətini pisləyib və cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. Ulu Öndər 20 Yanvar faciəsinin Azərbaycan tarixində əhəmiyyətini qeyd etməklə yanaşı, həmçinin bu hadisələri xalqımızın milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsi kimi də qiymətləndirib. Ümummilli Liderimizin aşağıdakı sözləri Silahlı Qüvvələrin şəxsi heyətinə çağırış kimi səslənib: “Bizim borcumuz şəhidlərin ruhuna sadiq olmaqdır. Bizim borcumuz əcdadlarımızın vəsiyyətinə sadiq olmaqdır – milli azadlığımızı qorumaq, dövlət müstəqilliyimizi qoruyub saxlamaqdır”.
Sonra Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin (Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovun dirijorluğu ilə), Cahangir Cahangirov adına xorun (bədii rəhbər və baş dirijor Şəhla Ələkbərova) və solistlər Ramil Qasımov, Aytac Şıxəlizadə, Bəyimxanım Vəliyevanın ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Tədbirdə, həmçinin məşhur tarzən, Xalq Artisti, Dövlət mükafatı laureatı Ramiz Quliyev tarda “Qanlı Yanvar lövhələri”, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupu isə “Azadlığa gedən yollar” kompozisiyalarını təqdim ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_Azerbaycan_xalqinin_tarixine_sanli_sehife_kimi_yazilib-825897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR