Bakı Ali Neft Məktəbində "20 Yanvar" faciəsinin 25-ci ildönümü anıldı

Bakı Ali Neft Məktəbində "20 Yanvar" faciəsinin 25-ci ildönümü anıldı
20:05 19 Yanvar 2015
88 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbində “Qanlı 20 Yanvar” faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
Tədbirdə Ali məktəbin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

BANM İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, ilk olaraq tədbir Azərbaycan Respublikasının dövlət himnin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək, 20 Yanvar hadisələri, dinc əhaliyə qarşı törədilən faciə haqqında danışıb.

O qeyd edib ki, Azərbaycanın salnaməsinə qanlı tarix kimi yazılmış “20 yanvar faciəsi” illər, əsrlər ötsə də, insanlarımızın xatirələrində əbədi yaşayacaq. Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimiz əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. Rektor, həmçinin vurğulayıb ki, Azərbaycan xalqı bu günü yalnız hüzn və matəm günü olaraq deyil, həm də Azərbaycan xalqının şərəf günü kimi qeyd etməlidir, çünki 20 Yanvar faciəsi, eyni zamanda millətimizin azadlıq uğrunda ümummilli savaşı və Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsidir. E.Qasımov ötən illər ərzində "Qanlı Yanvar"ın tarixi, mənəvi, siyasi və s. aspektləri analiz edildiyini, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verildiyini, cinayətkarların cəzalandırılması istiqamətində yorulmadan işlər aparıldığını tələbələrin diqqətinə çatdırıb. O qeyd edib ki, ümummilli liderimiz, cənab Heydər Əliyevin səyləri və hadisənin səbəbkarlarına kəskin etirazı, onlara cinayət işi qaldırılması tələbi nəticəsində, “Qanlı 20 yanvar” faciəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış və hər il 19-20 yanvar tarixlərində Azərbaycanda və dünyanın bir sıra ölkələrində bu faciə anılır, dünya ictimaiyyətinə sovet ordusu tərəfindən törədilmiş dəhşətli faciə haqqında dolğun məlumatlar çatdırılır. E.Qasımov çıxışında Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin “Biz vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizlə fəxr edirik. Onların xatirəsi bizim qəlbimizdə həmişə yaşayacaqdır” ifadəsini xatırlatdı və gəncləri Vətənimizin keşiyində daima durmağı çağırıb.

Daha sonra “20 Yanvar” faciəsinin qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Respublika gənc turistlər diyarşünaslıq mərkəzinin ədəbi diyarşünaslıq dərnəyinin üzvləri “20 Yanvar faciəsi”nə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.

Tədbir çərçivəsində BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov və Neft-qaz mühəndisliyi kafedrasının müdiri Arif Məmmədzadə 20 Yanvar faciəsi ilə bağlı xatirələriylə bölüşərək, 25 il öncə Azərbaycan xalqının taleyində nəhs və qorxunc günlər yaşandığını, xalqımız qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet tankları tərəfindən təcavüzə uğradığını, günahsız insanlar gülləbaran edildiyini gənclərin diqqətinə çatdırıblar və onları əl-ələ verib bu faciəni törətmiş şəxslərin ədalət qarşısında cavab verməsi üçün çalışmasına səsləyiblər. Həmçinin qeyd ediblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün dövlət və hökümət nümayəndələri var gücləri ilə çalışırlar ki, Azərbaycan xalqının başına gətirilmiş bütün müsibətlər və faciələr dünya dövlətləri tərəfindən tanınsın və bu bu hadisələrin cinayətkarları cəzalandırılsın.
Tədbirin sonunda BANM-in II kurs tələbələri tərəfindən hazırlanmış videoçarx tədbir iştirakçılarına nümayiş olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR