Azərbaycan xalqı o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayır

Azərbaycan xalqı o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayır
20:08 19 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc 
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 20 Yanvar faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq Qubadlı rayonunda da silsilə tədbirlər təşkil edilir.
Bu tədbirlərin davamı olaraq rayon icra hakimiyyəti aparatının təşkilatçılığı ilə yanvarın 19-da Qara İlyasov adına Qubadlı şəhər 1 nömrəli tam orta məktəbində “20 Yanvar” şəhidlərinin xatirəsini anma mərasimi keçirilib.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, tədbirdə idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.
Tədbirdən əvvəl iştirakçılar rayon icra hakimiyyətinin inzibati binasında yerləşən Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş sərgi ilə tanış olublar.
Sonra tədbir Qara İlyasov adına Qubadlı şəhər 1 nömrəli tam orta məktəbinin akt zalında davam etdirilib.
Xalqımızın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Məktəbin direktoru Hümbət Hümbətəliyev məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan 20 Yanvar hadisələri, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir.
Mərasimdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Allahverdi Haxverdiyev vurğulayıb ki, bu gün 20 Yanvar hadisələrinin milli matəm, hüzn günü kimi qeyd edir, o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət bizi bir millət olaraq daha da birləşdirdi, mübarizliyimizi daha da artırdı.
Diqqətə çatdırılıb ki, həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. Hazırda əsası Ulu Öndər tərəfindən qoyulan və bu siyasətin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli fəaliyyətinin nəticəsində dünya dövlətləri arasında ölkəmiz inkişafına, nüfuzuna görə xüsusilə seçilir.
Sonda məktəblilərin ifalarında 20 Yanvar şəhidlərinin şərəfinə hərbi vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_xalqi_o_mudhis_geceni_hem_de_iftixar_hissi_ile_xatirlayir-825905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR