20 Yanvar faciəsi ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq üçün işçi qrup yaranıb

20:28 19 Yanvar 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan toplantı keçirib.
Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev 20 Yanvar hadisəsinin xalqımızın totalitar sovet rejiminə qarşı qəhrəmanlıq mübarizəsinin simvolu olduğunu deyib. O, Azərbaycan xalqının 20 Yanvar günü göstərdiyi şücaətlə bütün dünyaya müstəqilik uğrunda apardığı haqq davasında nə qədər qərarlı olduğunu göstərdiyini bildirib. 1989-cu ilin 9 noyabrında Berlin divarlarının sökülməsinə ilk böyük dəstəyi Azərbaycan xalqının verdiyini deyən Şura sədri 20 Yanvar qətliamından sonra kommunist rejiminin dağılmasının qarşısıalınmaz prosesə çevrildiyini, ancaq beynəlxalq ictimaiyyətin onu hələ də yetərincə dəyərləndirmədiyini qeyd edib.
A.Quliyev bugünkü tədbirin keçirilməsində məqsədin vətəndaş cəmiyyəti institutlarının 20 Yanvar hadisəsi ilə bağlı fikirlərinin cəmləşdirilməsi və beynəlxalq ictimaiyyətə müraciətin qəbul edilməsi olduğunu vurğulayıb.
Toplantıda məruzə ilə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni 1990-cı ilin 20 Yanvar hadisəsini doğuran səbəblərdən danışaraq ölkədə o zaman mövcud olan ictimai-siyasi vəziyyəti xronoloji ardıcıllıqla təhlil edib.
Digər çıxış edənlər 20 Yanvar faciəsinin xalqımız üçün unudulmaz tarixi hadisə və eyni zamanda, qəhrəmanlıq nümunəsi olduğunu söyləyiblər. Azərbaycanın müstəqilliyini bərpa etməsində müstəsna rolu olan 20 Yanvar şəhidlərinin tarixdəki rolunun düzgün qiymətləndirilməsi və daim diqqətdə saxlanılması üçün orta məktəblərin tarix dərsliklərində həmin şəxslərə xüsusi yer ayrılmasının vacibliyi vurğulanıb.
Məruzələr ətrafında çıxış edən QHT rəhbərləri 20 Yanvar qətliamına beynəlxalq ictimaiyyətin ədalətli münasibət göstərməsinin zəruriliyini vurğulayıblar.
Müzakirələr nəticəsində 20 Yanvar hadisəsi haqqında dünya ictimaiyyətini məlumatlandırmaq üçün QHT-lərdən ibarət İşçi qrupun yaradılması ilə bağlı qərar qəbul edilib. İşçi qrupunun sədri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı İctimai Birliyinin rəhbəri Şahin İsmayılov, üzvləri isə bir sıra tanınmış QHT rəhbərləri seçilib.
İşçi qrupun ilk iclasında 20 Yanvar hadisəsinin beynəlxalq ictimaiyyətə tanıdılması üçün müvafiq petisiyanın təşkil edilməsi haqqında razılıq əldə edilib.
Toplantının sonunda QHT-lər 20 Yanvar qətliamı ilə bağlı dünya ictimaiyyətinə ünvanlanan müraciət qəbul ediblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_faciesi_ile_bagli_dunya_ictimaiyyetini_melumatlandirmaq_uchun_ischi_qrup_yaranib-825915

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR