Yanvar hadisələrində əbədiyyətə qovuşmuş şəhidlərin ruhu ehtiramla anılıb

20:53 19 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 yanvar, AzərTAc
Artıq xalqımızın yaddaşına, tariximizə qanla həkk olunan 20 Yanvar faciəsindən 25 il ötür. Hər il olduğu kimi bu il də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda 20 Yanvar hadisələrinə həsr olunmuş anma tədbiri keçirilib.
Akademiyadan AzərTAc-a bildirilib ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun direktoru, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələri qanunsuz olaraq Bakı şəhərinə hücum edib. Azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə Azərbaycan xalqına qarşı hərbi cinayət törədilib.
Vurğulanıb ki, 20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına çıxaraq buna qəti etirazını bildirən insanların üzərinə sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Tədbirdə Qanlı Yanvar hadisələrini əks etdirən videoslayd nümayiş olunub.
Digər çıxış edənlər də o günləri dərin kədərlə anaraq, müstəqillik yolunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin daim qəlblərdə yaşayacağını vurğulayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yanvar_hadiselerinde_ebediyyete_qovusmus_sehidlerin_ruhu_ehtiramla_anilib-825927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR