20 Yanvar şəhidlərinin xatirəsi Brüsseldə yad edilib

20:58 19 Yanvar 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+


Brüssel, 19 yanvar, AzərTAc
Belçika – Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Brüssel Azad Universitetində 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib, qanlı hadisələrin görüntülərini əks etdirən film göstərilib.
Mərasimdə çıxış edən səfir Fuad İsgəndərov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisələrin nəticələri və Azərbaycan tarixində yeri barədə məlumat verib. Səfir faciəyə xaricdən ilk etiraz səslərinin bir sıra Avropa paytaxtlarında, o cümlədən Brüsseldə və Haaqada yaşayan türk və azərbaycanlı icmaları tərəfindən ucaldıldığını diqqətə çatdırıb. Elə o illərdən Türkiyə - Azərbaycan qardaşlığının daha da möhkəmləndiyini vurğulayıb.
Diplomat qanlı hadisələrdən dərhal sonra ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, etirazını bildirməsini xatırladıb və bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı addımları sürətləndirdiyini qeyd edib.
Tədbirdə çıxış edən digər məruzəçilər - Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Xəzər İbrahim, Türkiyənin Belçikadakı səfiri Hakan Olcay, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının rəhbəri Arif Məmmədov, Belçika – Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçi və başqaları 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçdiklərini bildirib, bu günün müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu vurğulayıblar.
Mərasimdə Belçikada yaşayan Azərbaycan və türk icmalarının təmsilçiləri, tələbələr, səfirliyin və NATO yanında nümayəndəliyimizin əməkdaşları iştirak ediblər.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Brüssel

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_sehidlerinin_xatiresi_Brusselde_yad_edilib-825932

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR