Azərbaycan səfiri İtaliya qəzetinə müsahibəsində ölkələrimizin əlaqələrinin inkişafından bəhs edib

Azərbaycan səfiri İtaliya qəzetinə müsahibəsində ölkələrimizin əlaqələrinin inkişafından bəhs edib
21:08 19 Yanvar 2015
236 Ölkə
Ölkə mətbuatı
A- A+


Roma, 19 yanvar, AzərTAc
Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin “İl Giorno” qəzetində dərc olunan müsahibəsində ölkələrimiz arasında münasibətlərin inkişafından bəhs edib. Bildirib ki, bir çoxları Azərbaycanla bağlı ilk olaraq neft və qaz amillərini göz önünə gətirirlər. Lakin ölkəmizdə, eyni zamanda, qeyri-neft sənayesi, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, ərzaq sənayesi, turizm kimi sektorlarda da mühüm uğurlar əldə olunub. “Milan Expo 2015” beynəlxalq sərgisi bu nailiyyətlərimizi nümayiş etdirməyə böyük imkan yaradacaq. Tədbirdə nümayiş olunacaq pavilyonumuzun artıq hazır olduğunu deyən səfir sərgi vasitəsilə Azərbaycan-İtaliya əlaqələrinin genişləndirilməsi üçün də yeni imkanların yaranacağına əminliyini bildirib.
İqtisadiyyatımızın sürətli inkişafından danışan V.Sadıqov bu istiqamətdə hökumət tərəfindən həyata keçirilən islahatların vacibliyini diqqətə çatdırıb. O deyib: “İtaliya ilə iqtisadi münasibətlərimiz yüksək səviyyədədir. Ticarət dövriyyəsinin həcmi 7,5 milyard avroya çatıb. Azərbaycan İtaliyanı neftlə təmin edən üçüncü əsas ölkədir. TAP-ın reallaşması ilə 10 milyard kubmetr Azərbaycan qazı İtaliya vasitəsilə Avropa bazarına çıxarılacaq. Bununla da Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında əsas ölkəyə çevriləcək”. Səfir bildirib ki, Azərbaycan təkcə neft-qaz sahəsində deyil, digər istiqamətlərdə də İtaliya ilə əlaqələri inkişaf etdirməkdə maraqlıdır: “Hazırda ölkəmizdə sənaye, kənd təsərrüfatı, ümumiyyətlə qeyri-neft sektorunun tərəqqisi aktualdır. İtaliya investorları əsasən infrastruktur, səhiyyə, ətraf mühit kimi sahələrə maraq göstərirlər. Azərbaycan İtaliya ilə müvafiq istiqamətlərdə də əlaqələr qurmaq niyyətindədir”.
V.Sadıqov vurğulayıb ki, bir çox siyasi məsələlərdə Azərbaycan və İtaliya ortaq yanaşma nümayiş etdirir. Terrorizmlə mübarizə, Yaxın Şərqdə son zamanlar baş verən siyasi gərginlik və digər problemlər bu məsələlərdəndir. O deyib: “Təəssüf ki, Azərbaycanın da illərdir həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi kimi bir problemi var. Münaqişə nəticəsində Ermənistan ərazimizin 20 faizini işğal edib və ölkəmizə təxminən 300 milyard dollar həcmində ziyan dəyib. Bu məsələ həll olunarsa Avropa İttifaqı ilə iqtisadi münasibətlərimiz daha da genişlənə bilər. Biz istəyirik ki, Avropa ölkələri Gürcüstan və Ukrayna məsələlərində olduğu kimi, Dağlıq Qarabağ probleminə münasibətdə də qəti mövqe nümayiş etdirsinlər”.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR