Gürcüstanın Saqareco rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub

21:13 19 Yanvar 2015
91 Ölkə
Ölkə mətbuatı
A- A+


Tbilisi, 19 yanvar, AzərTAc
Yanvarın 19-da Gürcüstanın Saqareco rayonunun azərbaycanlıların yığcam yaşadıqları Qaraçöp kəndində 20 Yanvar şəhidlərinin və 9 Aprel hadisəsi qurbanlarının xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub.
Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və ARDNŞ-in maliyyə dəstəyi ilə inşa edilən abidənin açılışında səfir Azər Hüseyn, Saraqeco rayon administrasiyasının rəhbəri Georgi Qizirişvili, Gürcüstanın hökumət üzvləri, ziyalılar, bu ölkənin müxtəlif ali məktəblərində oxuyan tələbələr və yerli sakinlər iştirak ediblər.
Səfir Azər Hüseyn çıxış edərək 1989-cu il aprelin 9-da Tbilisidə və 1990-cı il yanvarın 20-də Bakı şəhərində törədilmiş qırğınların səbəbləri və nəticələri barədə məlumat verib. Diplomat qeyd edib ki, müstəqillik uğrunda mübarizə aparan xalqlar sovet imperiyası dağıldıqdan sonra öz istəklərinə qovuşmaq üçün dinc aksiyalar keçiriblər. Lakin imperiya siyasətçiləri millətlərin müstəqillik mübarizəsini qırmaq üçün Bakıda, Tbilisidə, Almatıda və digər ölkələrdə qırğınlar törədib, xalqların mübarizlik əzmini qırmağa çalışıblar. Amma bu mübarizədə qalib gələn həmin xalqlar müstəqil dövlət qurmağa nail olub, dünya birliyinin tam, bərabərhüquqlu üzvünə çevriliblər.
Saqareco Rayon İcra Hakimiyyətinin başçısı Giorgi Gizirişvili deyib ki, Azərbaycan və gürcü xalqlarının mübarizlik simvolunu əks etdirən bu abidə həm də bizim dostluğumuzun, birliyimizin göstəricisidir. Bu gün Gürcüstanda yaşayan azərbaycanlılarla gürcülər arasında heç bir problem yoxdur. Onlar dostluq, qardaşlıq şəraitində birgə yaşayırlar və bundan sonra da yaşayacaqlar.
Çıxışlarda qeyd olunub ki, sovet imperiyasının süqutunu gerçəkləşdirən 9 Aprel və 20 Yanvar hadisələrini unutmamaq üçün belə bir abidə böyük önəm daşıyır. Qanlı Yanvar hadisəsi qurbanları arasında 5 nəfər Gürcüstan azərbaycanlısı var ki, onlardan biri Qaraçöp kənd sakini – şəhid Qayıbov Ələsgər Yusif oğludur. Azərbaycan və gürcü xalqları öz qəhrəmanlarını heç zaman unutmayacaqlar. Çünki şəhidlərimizin qanı bahasına qazanılan bu qələbə böyük bir imperiya üzərində əldə olunan şanlı zəfərdir.

Xətayi Əzizov
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustanin_Saqareco_rayonunda_20_Yanvar_sehidlerinin_xatiresine_insa_edilen_abide_kompleksinin_achilisi_olub-825944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR