Bişkekdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bişkekdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
22:28 19 Yanvar 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+


Bişkek, 19 yanvar, AzərTAc
Azərbaycanın Qırğızıstandakı səfirliyi Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Qırğızıstan Xalqları Assambleyasında (QXA) Qanlı Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirib.
Mərasimdə Qırğızıstan Prezidenti Aparatının, Hökumətin təmsilçiləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
Tədbirdən əvvəl 20 Yanvar faciəsini əks etdirən fotosərgiyə baxış keçirilib, iştirakçılara bu haqda məlumatlar toplusu təqdim edilib.
20 Yanvar faciəsindən bəhs edən “Qanlı Yanvara aparan yol” adlı sənədli film nümayiş etdirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bildirib ki, 20 Yanvar faciəsi yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vandlizmdir. Səfir bildirib ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hissələri, daxili qoşunlar və xüsusi təyinatlı dəstələrin iri kontingenti Bakıya yeridilib, bir gecənin içərisində xüsusi qəddarlıqla görünməyən vəhşiliklər törədilib.
Diplomat deyib ki, ulu öndər Heydər Əliyev 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək cinayətkarların məsuliyyətə cəlb olunmalarını tələb edib və bu məsuliyyəti bilavasitə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun daşıdığını söyləyib.
H.Orucov qeyd edib ki, 20 Yanvar faciəsi artıq Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsi kimi iz buraxıb. Şəhidlər Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını veriblər, bu isə əsl qəhrəmanlıqdır.
Diplomat bildirib ki, 20 Yanvarda Azərbaycan xalqı hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da əyilmədi, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu sübut etdi.
Qırğızıstan Prezidenti Araratının etnik, dini siyasət və vətəndaşlarla iş üzrə şöbəsinin müdiri Mira Karıbayeva, Türkiyənin bu ölkədəki səfiri Mətin Kılıç, Qırğızıstan Dövlət Universitetinin rektoru Tolobek Abdıraxmanov, Qırğız-Türk “Manas” Universitetinin rektoru Səbahattin Balcı, xalq yazıçısı Mar Bayciyev, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev və başqaları sovet ordusunun Bakıda törətdiyi vəhşiliklər haqqında danışıb, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu söyləyib, başda M. Qorbaçov olmaqla keçmiş SSRİ rəhbərlərini ittiham ediblər.
H. Orucov tədbiri yekunlaşdıraraq qeyd edib ki, bu ağır cinayət həm də ona görə dərindən öyrənilməli və həmişə xatırlanmalıdır ki, bundan sonra dünyanın heç bir yerində belə faciələr baş verməsin.
Qulu Kəngərli
AzərTAc-ın xüsusi müxbiri
Bişkek


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Biskekde_20_Yanvar_sehidlerinin_xatiresi_anilib-825965

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR