"Ermənistanda 250 mindən çox azərbaycanlı etnik təmizləməyə məruz qalıb" - Səbinə Əliyeva

"Hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ var və heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Qloballaşma məsələləri milli mənsubiyyətimizi daha da qorumağa vadar etməlidir".

Metbuat.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Milli mənsubiyyət hüququnun konstitusion əsasları və tarixi aspektləri" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu il müstəqil Azərbaycan tarixində dövlət quruculuğu istiqamətində ən mühüm addımlardan biri olan Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümü qeyd olunacaq:

"Eyni zamanda bu il şanlı qələbəmizlə başa çatmış Vətən müharibəsinin 5-ci ildönümüdür. 44 gün ərzində həyata keçirilmiş əməliyyatlar nəticəsində ölkəmizin suverenliyi tam bərpa olunub. Bununla həm də Konstitusiyamızın bütün ölkə ərazisində tətbiq olunmasına şərait yarandı".

Səbinə Əliyeva qeyd edib ki, Azərbaycan tarixi boyunca etnik təmizləmələrə və işğallara məruz qalıb ki, bu da insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olub:

"Milli kimlik hər bir xalqın millət kimi formalaşmasında əsas tərkib elementlərindən biridir və yalnız bu halda bir millət uğurlu dövlət modelini qura bilər. Azərbaycan milli və etnik cəhətdən çox əziyyət çəkmiş dövlətlərdən biridir. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı yalnız etnik mənsubiyyətinə görə etnik təmizləməyə məruz qalıb. Müasir dünyada qloballaşma məsələləri bizim milli mənsubiyyətimizi daha da qorumağa vadar etməlidir", – deyə Ombudsman əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı